"Qoşulmama Hərəkatının yarandığı dövrdə iki sistem mübarizə aparırdı" - POLİTOLOQUN BAXIŞI
"Qoşulmama Hərəkatı elə bir dövrdə yaranmışdır ki, həmin dövrdə iki sistem - dünya sosializm sistemi ilə dünya kapitalizm sistemi bir-biri ilə çox sərt rəqabət aparırdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, həmin dövrlər soyuq müharibə dövrü kimi səciyyələndirilir və iki dünyanın sosialist düşərgəsi ilə kapitalist düşərgəsi arasında mübarizənin tərəfdarı olmayan qüvvələr həmin dövrlərdə İndoneziyanın Banduq şəhərində toplandılar: "Orada bloklara Qoşulmama Hərəkatının prinsiplərini hazırladılar. Bu prinsiplərlə də Qoşulmama Hərəkatı yarandı. Onun birinci təsis konfransı Serbiyanın paytaxtı Belqrad şəhərində olub və deyərdim ki, BMT-dən sonra ikinci ən mühüm Hərəkatın bünövrəsi qoyuldu. Sonradan sosializm düşərgəsini təmsil edən Varşava bloku dağıdıldı və yalnız NATO qaldı. Əvvəl bloklara qoşulmayan ölkələr hərəkatı bu hadisələrdən sonra özlərini Qoşulmama Hərəkatı kimi təqdim etməyə başladılar. Bizim üçün əhəmiyyətlisi odur ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədridir. 2019-cu ildə Qoşulmama Hərəkatının Zirvə sammiti Bakı şəhərində keçirilmişdir və 2021-ci ilə qədər rəhbərliyini bizim ölkənin Prezidenti cənab İlham Əliyevə tapşırdılar. 2021-ci il 11 oktyabrda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında İlham Əliyev çıxış edib. İlham Əliyevin çox uğurlu fəaliyyəti nəticəsində həm pandemiya ilə əlaqədar, həm də qoşulmayan ölkələrə xüsusi ilə onların içərisində kasıb ölkələrə maddi yardım, vaksin yardımı göstərilib. Bir ildən artıq olaraq Qoşulmama Hərəkatının sədrliyini cənab İlham Əliyevə tapşırıblar".
Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə