"Prezidentin bu mövqeyini Azərbaycan ictimaiyyəti də müdafiə edir" - DEPUTAT ŞƏRH ETDİ

"Prezidentin bu mövqeyini Azərbaycan ictimaiyyəti də müdafiə edir" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Vətən müharibəsindəki qələbəsindən sonra ərazi bütövlüyünü təmin etdiyini və suveren hüquqlarını bundan sonra tam şəkildə yerinə yetirəcəyini bütün dünyaya sübut etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, qonşu dövlətlər, dünyanın əksər hissəsi Azərbaycanın bu niyyətini müstəsna hüquq kimi qəbul edərək buna hörmətlə yanaşdı: “Çox təəssüf ki, son dövrlərdə ayrı-ayrı ölkələr, xaricdəki müəyyən dairələr Azərbaycanın daxili işlərinə qarışmağa çalışdı, Azərbaycana daxili siyasətini nə cür qurmaqla bağlı ehtiyac olmayan məsləhətlər verməyə, addımlar atmağa başladılar. Bu Azərbaycan tərəfindən rədd edilir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident vaxtaşırı etdiyi çıxışlarında Azərbaycanın daxili və xarici siyasətini müstəqil quracağını qəti şəkildə bəyan edir: “Cənab Prezidentin bu mövqeyini Azərbaycan ictimaiyyəti də müdafiə edir. Vətəndaşlarımızın cənab Prezidentə ünvanlandığı müraciətlər, saytlarda gedən məqalələrdə, eyni zamanda sosial şəbəkələrdə müzakirələrdə Azərbaycanın suveren hüquqlarını kiminsə öz təsiri altına almaq istəyinə öz etirazlarını bildirirlər. Cənab Prezidentin son günlərdə Cəbrayıl rayonuna səfəri və Cəbrayıl rayonu ictimaiyyəti ilə görüşdə söylədiyi fikirlər də birmənalı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlərə sərt bir mesaj idi. Azərbaycan öz daxili siyasətini öz milli maraqlarına uyğun quracaq. Bu prinsiplər beynəlxalq hüquqa və suverenlik prinsipinə tamamilə uyğundur. Hesab edirəm ki, cənab Prezidentin bu bəyanatı dünya tərəfindən ciddi şəkildə qəbul edilir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə