"Prezidentin apardığı islahatlar nəticəsində belə bir siyasi mühit formalaşmışdır" - PARTİYA SƏDRİ AÇIQLADI

"Prezidentin apardığı islahatlar nəticəsində belə bir siyasi mühit formalaşmışdır" - PARTİYA SƏDRİ AÇIQLADI

"İlk dəfə idi ki, bu qədər həm həyacan həm də fəxr, iftixar duyğusu keçirirdim. Şuşanı işğalçıların necə istismar etdiklərini, buna rəğmən daşı-daş üstündə qoymadıqlarını, darmadağın etdiklərini görmək üzücü idi. Ancaq bu üzücülüklə yanaşı, orada şaxtalı, havanın ağır və sərt şərtləri altında dövlətimiz tərəfindən sürətlə aparılan abadlıq, quruculuq işlərini görmək olduqca sevindirici idi. Şuşanı böyük və tayı-bərabəri olmayan rəsm əsərinə bənzədirəm. Bu dünyada tayı-bərabəri olmayan rəsm əsərinin müəllifi də əlbəttə ki, şanlı Azərbaycan əsgəri və müzəffər Ali Baş Komandanımızdır". Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Onun sözlərinə görə, Şuşa hər birimizin qürur məbədidir: "Bu məbədi görmək, gəzmək mənim üçün həyatımın ən yadda qalan hadisəsi oldu. Bu səfərin mahiyyəti olduqca böyük idi. İqtidar ona müxalif olan insanlarla birgə dövlətimizin uğuruna sevinir, birlikdə şanlı ordumuzun zəfərini dadırdı. Bu səfərin müharibənin 1 illiyinə təsadüf etməsi də heç şübhəsiz ki, təsadüfü deyildi. Məlum səfərdə Prezident Administratsiyasının Siyasi Partiyalar və Qanunverici Hakimiyyətlə İş Şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin Prezident İlham Əliyev cənabları adından qonaqları salamlaması, cənab Prezidentin salamlarını çatdırması, eyni zamanda Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsinin bizləri müşayət edərək aparılan işlərlə bağlı detallı məlumatlar verməsi hesab edirəm ki, ölkədə sivil siyasi münasibətlərin, iqtidar-müxalifət arasında aparılan dialoq mühitinin necə uğurla aparılmasının açıq göstəricisi idi. Düşünürəm ki, bu münasibətlər bundan sonra da artan xətlə davam edəcəkdir.

Prezident İlham Əliyev cənablarının verdiyi tapşırıqları məharətlə icra edən, illərdir uzlaşa bilməyən siyasi partiyaları uzlaşdıraraq bir araya gətirmiş və ölkədə səmimi iqtidar-müxalifət həmrəyliyinə öz peşəkarlığı və səmimi münasibəti ilə bütün bunlara nail olmuş Ədalət Vəliyevə burada təşəkkür etməmək mümkün deyildir. Sevinirəm ki, cənab Prezidentin apardığı islahatlar nəticəsində belə bir siyasi mühit formalaşmışdır. Əminəm ki, zamanla bu münasibətlər ölkədə sağlam siyasi mühitin güclənməsinə, bununla da milli dövlətçilik maraqlarımızın möhkəmlənməsinə və müxalifətin dövlətinə faydalarını parlament müstəvisində verməsi ilə nəticələnəcəkdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə