“ATƏT-in Minsk Qrupun vasitəçiliyi qəbul edilmir” - KOMİTƏ SƏDRİ AÇIQLADI

“ATƏT-in Minsk Qrupun vasitəçiliyi qəbul edilmir” - KOMİTƏ SƏDRİ AÇIQLADI

Bir çox prinsipial məsələlərdə Avropa İttifaqının Azərbaycana dəstəyi hiss olunmaqdadır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu dəstək tarixi qələbədən sonra özünü aydın göstərir və Azərbaycan dövləti bu yaxınlaşmaya böyük əhəmiyyət verir.

“Sülh razılaşmasında, delimitasiya, kommunikasiyaların açılmasında sözsüz ki, Avropa İttifaqı öz imkanlarından istifadə edə bilər və bu, Cənubi Qafqazda əminamanlığın, qarşılıqlı münasibətlərin möhkəmlənməsinə böyük kömək olar. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirir ki, “Biz Avropa İttifaqını səylərin səfərbər olması və post müharibə vəziyyətinə töhfə verilməsi prossesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik”.

Əlbəttə, ölkələr arasında sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması dürüst, düşünülmüş siyasət və obyektiv mövqe tələb edir. Bu gün Avropa İttifaqı bu amillərə üstünlük verdiyinə və Azərbaycanın haqlı mövqeyini, ədalətli mübarizəsini dəstəklədiyinə görə dövlətimiz də öz səmimi mövqeyini ortaya qoyubdur.

ATƏT-ə münasibət isə tamamilə fərqlidir. Çünki, bu təşkilatın Minsk Qrupu 30 ilə yaxın müddət ərzində öz vasitəçilik missiyasını ermənipərəst mövqe tutması ilə nümayiş etdirib, ona bəslənilən ümidləri doğrultmayıb, sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət etməyibdir. Minsk Qrupu uzun illər öz fəaliyyətini yersiz, əhəmiyyətsiz səfərlərlə ört-basdır edərək, münaqişənin həllində prinsipiallıq göstərməyib, əksinə, qarşıdurmaların kəskinləşməsinə şərait yaradıbdır. Belə olan halda, Minsk Qrupunun yenidən tərəflər arasında vasitəçilik etməsi, neytrallıq göstərməsi real görünmür və bu vasitəçiliyə ehtiyac yoxdur. Çünki, Rusiya bir vasitəçi kimi öz işini görüb və qarşıda duran ən vacib məsələlər 10 noyabr, üçtərəfli bəyanatda aydın əks olunubdur. Tərəflər də bu şərtlərin yerinə yetrilməsinə imza atıblar. Belə olan halda, daim Azərbaycanın əleyhinə işləyən ATƏT-in Minsk Qrupunun yenidən meydana atılması və fəallaşması təəsüb doğurur və haqlı olaraq cəmiyyətimiz, etimadı vaxtında doğtultmayan bir qrupun vasitəçiliyini qəbul etmir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə