“İstiqlal Bəyannaməsinin qəbul edildiyi gün Müstəqillik Günü kimi qeyd olunmalıdır” - SİYASİ ŞƏRHÇİ AÇIQLADI
“Müstəqillik günü məsələsi ilə bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. Bəzən də, bəzi şəxslər bu yeni təşəbbüsü bir qədər gözdən salmağa çalışırlar və iddia da edirlər ki, guya bu təklif olunan dəyişiklik düzgün deyil.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi vurğulayıb ki, əslinə qalanda çox düzgün və yerində bir təklifdir.
“28 may tarixini biz Respublika Günü kimi qeyd edirdik bu günə kimi. Yəni, bu nə deməkdir? Belə baxanda kənar, tutaq ki, azərbaycanlı olmayan, xaricdən olan bir nəfərə Respublika Günü deyəndə, düşünə bilər ki, yəqin bunların dövləti olub, amma onu həmin gün respublika idarəçiliyinə keçiriblər. Bu, 28 mayda qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyəti tam əks elətdirmir. Yəni, həmin gün həqiqətən də Azərbaycan torpaqlarında müstəqillik bəyan edilib. Axı o bəyannamənin də adı İstiqlal Bəyannaməsidir. Yəni, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bağlı İstiqlal Bəyannaməsi qəbul edilib, müstəqillik haqqında bəyannamə qəbul edilib və bu bəyannamənin qəbul edildiyi gün əlbəttə ki, müstəqillik günü kimi qeyd olunmalıdır, bu birincisi. İkincisi də, Müstəqillik Günü deyəndə bunun altında olan məna o deməkdir ki, deməli, biz müstəqil olmamışıq ki, müstəqillik elan etmişik. Yəni, artıq bu tarixə güzgü tutmaq baxımından da çox önəmlidir.
Digər tərəfdən, bunun sonrakı mərhələdə müstəqilliyin bərpası günü kimi elan edilməsi, bu da artıq azərbaycanlı olmayan kənar adamlarda əlavə sual yaradacaq ki, bu nə deməkdir? Deməli, müstəqillik olub, müstəqillik sonra əldən gedib, itirilib. Niyə itirilib, artıq o suala cavablar axtarılacaq. Yəni, bu bir daha Azərbaycanın tarixinə insanların diqqətini cəlb edəcək. Sovet dönəmi, SSRİ-də olmağımız, qeyri müstəqil illərimiz, bütün bunlarla bağlı beynəlxalq səviyyədə məsələ qaldıranda məntiqi olacaq. Ona görə də 28 mayın Müstəqillik Günü kimi qeyd olunması tarixi baxımdan çox zəruridir və bir daha qeyd edirəm ki, İstiqlal Bəyannaməsi ilə o günü qəbul eləmişik, daha doğrusu Azərbaycan Xalq Cümhuriyyətinin qurulması gününü. Təbiidir ki, müstəqilliyin bərpası gününün də məntiqini əlavə izah etməyə ehtiyac yoxdur. O baxımdan mən düşünürəm ki, heç kim narahat olmasın. Azərbaycan Respublika olaraq təbii ki, olub, qalır və qalacaq da. Bunu heç kim dəyişmək fikrində deyil. Amma, müstəqillik günü və müstəqilliyin bərpası, bu, tarixi baxımından çox məntiqlidir və gərəklidir”, deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB