Bu gün İran rəsmilərinin “iddiasına” görə, Bakı ilə Tbilisi onların tranzit yolunu bağlayıblar
İranı əndiləşdirən nədir?

İran-Azərbaycan Ticarət Palatasının sədr müavini Rahim Vaqabzadə İran mallarının Azərbaycan və Gürcüstan üzərindən keçən quru dəhlizlərinin bağlandığını iddia edir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan ərazisindən keçən malların tranzitində rast gəlinən çətinliklər səbəbindən iranlılar indi mallarını dəniz yolu ilə, Xəzər dənizi vasitəsilə Rusiyaya çatdırmaq məcburiyyətində qalıblar.

Bundan əlavə, iranlı məmur rəsmi Bakını İrandakı azərbaycanlıları “siyasi və iqtisadi məsələləri qarışdırmaqda” günahlandırıb. Vaqabzadəyə görə, İran Rusiyaya malların çatdırılması ilə bağlı problemlərlə yanaşı, Ermənistana mal daşıyarkən də bir sıra çətinliklərlə üzləşir. Məlumdur ki, sədr müavini bunu Goris-Qafan avtomobil yolunun Azərbaycan hissəsindəki İrana məxsus yük maşınlarının yoxlanılmasını nəzərdə tutaraq deyir.

Xatırladaq ki, bu gün Bakı ilə Tehran arasında münasibətlər kəskin bir dövrdən keçir. Belə ki, son 30 ildə ilk dəfə olaraq Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirən İran haqsız olaraq Bakını “sionistlərlə əməkdaşlıqda” ittiham etməkdə də bulundu.

Maraqlıdır ki, İranı əndiləşdirən guya İsrailin Azərbycan ərazisində “hərbi baza” qurması ilə bağlıdır. Təbii ki, bunun heç bir əsası olmadığını rəsmi Tehranın özü də yaxşı bilir. Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl İsrailin Rusiyadakı səfiri Tehranın İsrail ordusunun Azərbaycanda yerləşməsi ilə bağlı xəbərini “böyük axmaqlıq” adlandırıb.

Xatırladaq ki, İran-Azərbaycan münasibətlərindəki böhran, bu ilin avqustunda Azərbaycanın İrandan Qarabağa, ermənilərin məskunlaşdığı bölgəyə qanunsuz yük daşımalarını dayandırması ilə bağlı etdiyi müraciətdən sonra başlayıb. Belə ki, ilk xəbərdarlığı məhəl qoymayan İrana qarşı azərbaycanlılar bir hissəsi Azərbaycan ərazisindən keçən Goris-Qafan avtomobil yolu boyunca bu ölkədən yük gətirən maşınlara intensiv nəzarət etməyə başladı. Belə görünür ki, bu da İranı “qane etməyib” deyə, bu ölkənin bəzi səlahiyyətliləri tərəfindən Azərbaycana qarşı əsassız təhdidlər səsləndirilib.

Onu da qeyd edək ki, İranın bu davranışları Kremldə də anlayışla qarşılanmayıb. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı ilə keçirilən son görüşdə İran -Azərbaycan sərhədində keçirilən təlimlərin təxribat xarakteri daşıdığını açıq şəkildə ona bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə