“Azərbaycan-Türkiyənin hərtərəfli əməkdaşlığı yüksələn xətlə davam edir" - HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycan-Türkiyənin hərtərəfli əməkdaşlığı yüksələn xətlə davam edir" - HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycan və Türkiyənin hərtərəfli əməkdaşlığı yüksələn xətlə davam edir. Biz bir millət, iki dövlətik. Azərbaycan Türkiyə ilə iqtisadi, siyasi, mədəni, hərbi əlaqələri yüksək səviyyədə tutur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, hər il təsdiq olunmuş plana uyğun olaraq Türkiyə ilə birgə hərbi təlimlər keçiririk: “Hal-hazırda “Sarsılmaz qardaşlıq – 2021” təlimləri keçirilir. Bu kimi təlimlər həm qardaş Türkiyədə, həm də Azərbaycanda keçirilir. Həm hava qoşunlarının, həm quru qoşunlarının, həm də dəniz qüvvələrinin birgə təlimləri olur. Bu təlimlər regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından çox önəmlidir. Şuşa bəyannaməsinə əsasən Azərbaycana hər hansı bir təhlükə olarsa və yaxud da Türkiyəyə qarşı hər hansı bir təhlükə olarsa, Azərbaycan dəstək göstərəcəkdir və bir-birinə qarşılıqlı yardım edəcəklər. Bu kimi hərbi təlimlər hər iki dövlətin silahlı qüvvələrinin döyüş hazırlığını yüksək vəziyyətdə saxlayır. Bununla bərabər gələcəkdə istənilən situasiyaya uyğun olaraq birgə koordinasiya edilmiş fəaliyyət həyata keçirilə bilər. Qardaş Türkiyənin ordusu bizim fəxrimizdir. Dünyanın ən yaxşı ən yaxşı orduları sırasındadır. Türkiyə ilə hərbi əməkdaşlığımızın genişlənməsi üçüncü bir dövlətə qarşı deyil. Bu ancaq Azərbaycan və Türkiyənin ərazi bütövlüyü, müstəqilliyi, regionda sülhün və təhlükəsizliyin qorunması baxımından önəmlidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə