"İranın Azərbaycan siyasətindəki ayrı-seçkiliyi məhvə məhkumdur" - İCTİMAİ BİRLİYİN SƏDRİ AÇIQLADI

"İranın Azərbaycan siyasətindəki ayrı-seçkiliyi məhvə məhkumdur" - İCTİMAİ BİRLİYİN SƏDRİ AÇIQLADI

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə təkcə Azərbaycan üçün deyil region ölkələri, eləcə də bölgədə sülh və inkişaf tərəfdarı olan bütün aktorlar üçün önəmli xarakterə malikdir. Dünyanın dörd bir tərəfindən yeni-yeni münaqişələrin ortaya çıxdığı bir vaxtda Qafqazda sülh və inkişaf şəraitinin yaradılması tarixi şans, kompleks inkişaf və rifah təntənəsidir. Lakin təəssüf ki, ötən otuz ildə Ermənistanın işlaçılıq siyasətinə göz yuman bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Vətən müharibəsi dövründə də ayrı-seçkilik siyasətlərini və qərəzli mövqelərini gizlətmədilər". Bunu SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.

Onun sözlərinə görə, tarixin ayrı-ayrı dövrlərində gah əzilən irq, gah haqqı tapdanan regional dini azlıq kimi özünü təqdim etməyə və bunlara da işğalçılıq siyasətinə başqa don geyindirməyə çalışan təcavüzkar Ermənistan hər zaman olduğu kimi indi də havadar axtarmaqdadır: "Belə bir şəraitdə qonşu, özünü İslam, xüsusilə də şiə məzhəbinin müdafiəçisi kimi təqdim etməyə çalışan İranın növbəti dəfə Azərbaycana qarşı sərgilədiyi düşmənçilik regionda növbəti siyasi çalxalanmaya səbəb oldu. Hərbi təlimlər adı ilə Araz çayı sahilində Azərbaycana qoşun yığmaqla başlanan bu prosesin yaratdığı gərginlik hələ də davam edir. İlk baxışda bu təlimləri İranın daxili işi kimi dəyərləndirmək olardı. Lakin təəssüf ki, qonşu İran əyalət mollalarının yersiz və məntiqsiz bəyanatları ilə hərbi təlimlərə siyasi təhdid donu geyindirdi və açıq göstərdi ki, vəziyyətin gərginləşməsində maraqlıdır.

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı səsləndirdiyi bir fikri təqdim etmək yerinə düşər: “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik”.

Belə olan halda haqlı olaraq sual yaranır: İran hakimiyyətinin hərbi təlimlər keçirməkdə və Azərbaycanla münasibətləri gərginləşdirməkdə məqsədi nədir? Suala cavab axtarmaqdan əvvəl xüsusilə qeyd etmək istərdik ki, İranın hakimiyyətinin sərgilədiyi əsasız sərtliklə bu ölkə xalqının Azərbaycana münasibəti daban-dabana ziddir. Sirr deyildir ki, İranın xarici siyasətindəki natarazlıqlar bu ölkə daxilində ağır sosial problemlər yaradıb. Proseslər göstərir ki, İran rəhbərliyi Azərbaycana qarşı sərt mövqe nümayiş etdirməklə təcavüzkar Ermənistandakı revanşist qüvvələri həvəsləndirmək niyyəti güdür. İkincisi, Araz sahili boyunca hərbi təlimlər təşkil etməklə özünün nüvə proqramını diqqətdən yayındırmağa çalışır. Ən əsası isə ölkə daxilindəki sosial problemlər fonunda, xüsusilə Qarabağ Zəfərindən sonra İran əhalisində Azərbaycan Respublikasına qarşı formalaşan misilsiz rəğbətin təsirini azaltmaq istəyir.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən ötən otuz illik zaman kəsiyində İrana ayrı-ayrı vaxtlarda dəfələrlə əsasız mövzuları bəhanə edərək Azərbaycanla münasibətləri gərginləşdirib və hər dəfə də sakit formada geri çəkilib. Bu dəfəki təhdidlər də həmin geriçəkilmələrin davamı olacaqdır. Çünki möhtəşəm Qarabağ Zəfərindən sonra bir sıra qərəzli tərəflər kimi İranda da artıq siyasi proseslərdən kənarda qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə