"Prezident bu qüvvələrin ideologiyasını alt-üst etdi" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident bu qüvvələrin ideologiyasını alt-üst etdi" - DEPUTAT ŞƏRH ETDİ

“Dövlət başçısının ölkədaxili səfərləri, regionlarda görülən işlər, verilən tapşırıqların icrasına şəxsi nəzarət, habelə, əhali ilə vasitəsiz kommunikasiya imkanları baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərlərinin məqsəd və məramı çox daha əhatəlidir, ciddi siyasi yükə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ilk olaraq bu səfərlər Suqovuşanda və Cəbrayılda dövlətin quruculuq və bərpa iradəsinin, həmçinin, "Böyük Qayıdış"ın şəxsən ölkə rəhbərinin fəaliyyətində prioritet amil olduğunun göstəricisidir: “Bərdə və Tərtərə səfər isə bir daha dünyaya Azərbaycanın qarşısında yalnız adi düşmənin deyil, dinc əhalini hədəfə alan vandalların olduğunu, lakin, heç bir vəhşiliyin xalqımızın iradəsini qıra bilməyəcəyini nümayiş etdirdi. Mən bir nüansa xüsusi diqqət etmək istəyirəm, peşəkar diplomat və faktiki olaraq regionun əsas və aparıcı siyasi oyunçusu kimi cənab İlham Əliyevin heç bir addımı təsadüflərə əsaslanmır. Onun reallaşdırdığı bütün tədbirlər yalnız görüntü fonunda yox, həm də zaman və məkan, o cümlədən, geosiyasi situasiya fonunda təhlil edilməlidir. Ermənistanda revanşist kütlənin başında dayanan Serjik Sarkisyan kimi tiplərin banlaması fonunda işğal dövründə ermənilərin alınmaz qala kimi təqdim etdikləri Suqovuşanda onlara lazımi cavab verməklə faktiki olaraq bu qüvvələrin ideologiyasını alt-üst etdi. Kimin kim olduğunu göstərdi”.

Bəhruz Məhərrəmov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, İranın bəyanatları fonunda, Cəbrayılda, Arazın bu tayında verdiyi bəyanatlar və ritorik sualla, habelə Haropla yayımlanan foto ilə isə rəsmi Tehranın və İrandakı qeyri-sağlam kütlənin sərsəm mövqeyini darmadağın etdi: “Bir sözlə, biz cənab Prezidentin son səfərlərinə sosial iqtisadi inkişafa dair milli prioritetlərin icrası çərçivəsindən çox daha dərin məzmun və mənaya malik olmaqla, milli mənafelərin müdafiəsinə və təmininə yönəlmiş planlı, ölçülüb biçilmiş uğurlu siyasi gedişlər kimi yanaşmalıyıq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə