"Cəbrayılda genişmiqyaslı layihələr reallaşır" - Azər Süleymanov

"Cəbrayılda genişmiqyaslı layihələr reallaşır" - Azər Süleymanov

"44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni təcavüzkarlarından azad edərək işğala son qoydu. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir". Bu fikirləri "SİA"-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib.

Qeyd edib ki, dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri çərçivəsində yeni layihələrin həyata keçirilməsinə start verilir, Füzuli, Şuşa, Zəngilan kimi işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Yaxın zamanda açılışı olan Füzuli beynəlxalq hava limanı, eləcə də Laçın və Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanları bu ərazilərin müasir bir şəhərə çevriləcəyindən xəbər verir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. Əlbəttə ki, həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimizdə dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastruktur yenidən qurulacaq, bərpa və təmir olunacaqdır".

Rayon təşkilat sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıla səfəri çərçivəsində Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Azərbaycan Ordusu tərəfindən bir il əvvəl işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır.

A.Süleymanov dövlət başçısının çıxışı zamanı vurğuladığı "Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən, əlbəttə, görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var", fikrinə diqqət çəkib. Əlbəttə ki, erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir.

Rayon təşkilat sədri qeyd edib ki, ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə tezliklə yeni işıqlı həyat başlanacaq: "Dünyada davam edən pandemiyaya baxmayaraq, Azərbaycan sosial layihələrini uğurla reallaşdırır və işğaldan azad olunan ərazilərdə silsilə və kompleks tədbirlər həyata keçirilir. Cəbrayılda da Azərbaycanın işğaldan azad olunan ərazilərində olduğu kimi, yaşayış məskənləri dağıdılıb, tarixi-memarlıq abidələri erməni vandalizminə məruz qalmışdır. "Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi", - deyə Cənab Prezident bildirib. Dövlət başçısı qeyd edib ki, işğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular. Bu gün Cəbrayıl şəhəri demək olar ki, yerlə-yeksan olub. Dövlət başçısının vurğuladığı kimi, cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər".

Artıq genişmiqyaslı layihələrin uğurla reallaşdığını bildirən A.Süleymanov Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verildiyini söylədi. Onu da diqqətə çatdırdı ki, Laçında Güləbird kəndində də Su Elektrik Stansiyası istifadəyə verilib: "Laçın rayonu işğaldan azad olunandan bir neçə ay sonra istismara verilən bu Su Elektrik Stansiyası azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiyasıdır. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət başçısı görülən və görüləcək işlərə nəzər salaraq bildirib ki, Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. "Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, - onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, - dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik", - deyə Prezident bildirib. Onu da qeyd edək ki, Cənab Prezidentin Cəbrayıla səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Cəbrayıl yarımstansiyası da istifadəyə verilib. Eləcə də, Cəbrayılda ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyulub. Dövlət başçısı Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını da edib. Bütün bunlar dünyaya bir mesajdır. Müasir, inkişaf etmiş Azərbaycanın potensialının, gücünün bir nümunəsidir".

"Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib", - deyə rayon təşkilatının sədri bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə