“İstəyimiz odur ki, İran yardımını dayandırsın” - DEPUTATDAN SƏRT TƏPKİ
Azərbaycanın İrandan istəyi və məqsədi o idi ki, İran Qarabağa yardımı dayandırsın. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, bizim demək istədiyimiz ondan ibarətdir ki, bu yardım dayandırılsın, çünki, bu yardım Qarabağ ermənilərini gücləndirir və onların yenidən revanşizmə meyllənməsinə şərait yaradır.
“Bölgədəki ölkələr də, qonşular da çalışmalı idilər ki, Ermənistanın və Qarabağın bölgədəki reallıqla barışmasına nail olsunlar. Amma, biz onu görürük ki, İran Ermənistanla alternativ yolun çəkilməsində iştirak edir. Bəzən İran tərəfi müxtəlif suallar verir. Biz də sual veririk ki, azərbaycanlılar İran ərazisindən Naxçıvana gedəndə İran onlardan heç nə almırmı? Bu belədirmi? Əlbəttə ki, burada İran tərəfi də Azərbaycan tərəfindən torpaqbasdı alır, müəyyən vəsait alır və eləcə də İran Azərbaycan ərazisindən keçdiyi üçün bunu ödəməlidir.
Onu da təəssüflə qeyd etmək lazımdır ki, bir sıra hallarda İran Azərbaycan tərəfinə ittihamlar səsləndirir ki, guya Azərbaycanı sionistlər idarə edir, guya yəhudilər burada hansısa bir baza yaradıblar. Amma bunların bu fikirlərinin heç birinin heç bir əsası yoxdur. Yəni, bu gün Azərbaycan heç kimə imkan verməyib ki, onun ərazisindən istifadə etsin və heç zaman da imkan verməyəcək. İran da bunu bilməlidir.
Azərbaycan İranla normal əlaqələrin, münasibətlərin inkişafının tərəfdarıdır. Əgər İran bunu istəmirsə, Azərbaycan da bu münasibətlərə yenidən baxacaq. Bizim istəyimiz odur ki, İran Qarabağ ermənilərinə olan yardımını dayandırsın. Əgər bunu İran edərsə, münasibətlər yenidən normal məcraya yönələ bilər”, deyə Ceyhun Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB