Ağdaş rayonunda iki şəhidin ildönümü qeyd olunub FOTOLAR

Ağdaş rayonunda iki şəhidin ildönümü qeyd olunub FOTOLAR

4 oktyabr 2021-ci il tarixində Ağdaş rayonunun iki şəhidinin - Osmanov Məhəmməd Seymur oğlunun və Məmmədzadə Fərid Mehman oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə şəhidlərin doğulub-böyüdüyü və ailələrinin yaşadığı Ərəbocağı kəndində və Ağdaş şəhərində mərasimlər keçirilib. Mərasimlərdə YAP İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Osmanov Məhəmməd Seymur oğlu 27 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Məhəmməd Osmanov Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və " Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Məmmədzadə Fərid Mehman oğlu 20 avqust 2000-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Xüsusi təyinatlı hərbçimiz Fərid Məmmədzadə Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" , "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə