Heç bir növbədənkənar qurultay və ya digər cəhdlər partiyanı düşdüyü ağır vəziyyətdən çıxara bilməz
Müsavat partiyasında qarşıdurmalar və onlardan doğan yeni ziddiyyətlər səngimək bilmir. Maraqlıdır ki, hələ sabiq başqan İsa Qəmbərin partiyaya başqanlığı dövründə adıçəkilən təşkilatda bu qədər söz-söhbətlər yaranmırdı. Lakin partiyanın sonuncu saxtakarlıq yolları ilə Arif Hacılının nəzarətinə keçməsindən sonra ardıcıl istefalar, narazılıqlar sürətlə artmağa başladı. Ümumiyyətlə, sonuncu qurultaydan sonra bu şəxsin yenidən partiyanın başqanı olması sözügedən siyasi təşkilatda intriqaları yenidən körükləyib. Görünən odur ki, müsavatçıların bir çoxu Arif Hacılının yenidən başqan seçilməsinə nəinki mənfi yanaşırlar, habelə onun birdəfəlik təşkilatdan getməsini arzulayırlar. Səbəblər isə çoxdur...
Sıravi müsavatçılar başqanlarını partiyanı biznes maraqlarına qurban verdiyini bildirirlər
Misal üçün, Arif Hacılı hər vəchlə özünü siyasi təşkilatın deyil, həm də bütün müxalifətin “ana lideri” kimi göstərməyə cəhdlər göstərir. Bu məsələlərdə ona ən çox dəstək göstərənlər isə yaxın ətrafıdır. Qardaşı, başqan müşaviri Mustafa Hacıbəyli, aparat rəhbəri Gülağa Aslanlı və digər strukturlardakı adamları yalnız bu istiqamətdə fəaliyyət göstərir, sıravi müsavatçıların fəaliyyətləri ilə ümumiyyətlə maraqlanmırlar. Daha dəqiq desək, partiyanın seçkili orqanlarında heç bir yeniliklərin aparılmamasından tutmuş şəxsi mənfəətlərin güdülməsinə qədər nə qədər ittihamlar varsa, onların hər biri bilavasitə Arif Hacılının başqanlığı üzərinə yönəldirilir. Lakin bu da son deyil...
Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı: “Düşünürəm ki, Arif Hacılı günahlarını etiraf etməli, məsuliyyəti nəzərə alıb istefa verməlidir”
Digər tərəfdən də artıq bir neçə illərdir ki, mətbuatda yazılan mühacir biznesi ilə bağlı faktlar da rezonans doğurub. Müsavat partiyası üzvlərinin adlarının bu qalmaqallarda hallanması gündəmi zəbt edib və sıravi müsavatçılar başqanlarını partiyanı biznes maraqlarınba qurban verdiyini bildirirlər. Beləliklə, Müsavatın mühacir biznesi şəbəkəsinin ifşası partiya daxilində də ciddi qarşıdurmaya səbəb olub. Belə ki, vaxtilə partiya rəhbərliyinin qanunsuz fəaliyyətinə qarşı çıxan və bu səbəbdən Arif Hacılının qəzəbinə tuş gələnlər hazırda onun istefasını tələb edirlər.
Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı hesab edir ki, Arif Hacılı və onun ətrafındakı şəxslər birbaşa mühacir biznesinin əsas təşkilatçılarıdır: “Düşünürəm ki, partiyanın rəhbərliyi, Arif Hacılı günahlarını etiraf etməli, məsuliyyəti nəzərə alıb istefa verməlidir”.
Maraqlıdır ki, bütün baş verənlərə “soyuqqanlı siyasətçi” imici daşıyan sabiq başqan İsa Qəmbər də məsələlərə açıq münasibət bildirmir. Prinsipcə, “hiyləgər gedişləri ilə tanınan” sabiq başqana belə qalmaqal ona sərf edir. Amma əlbəttə ki, bu sual da artıq Arif Hacılının idarəçiliyindən bezmiş Müsavat üzvlərini, onunla həmrəy olmayan aparıcı funksionerləri düşündürür. Onlar partiyanın mühacir bazarından İsa Qəmbərin də müəyyən qədər maddi yararlar qazandığını istisna etmirlər. Lakin əsas məsələ əlbəttə ki, məhz hazırkı başqanın üzərindədir.
Sıravi müsavatçı: “Arif bəy siyasi heç bir qurultay keçirmədən istefaya getməli, partiya normal siyasi idarəçilik qabiliyyəti olan insanlara transfer olunmalıdır”
Daha bir diqqətçəkici məqam yaranmış səs-küyün yatırılması üçün Arif Hacılının növbədənkənar qurultay keçirməklə necə deyərlər, “ayağına dolaşan” etirazçıları özündən uzaqlaşdırmaq planıdır. Bu barədə müsavatçı mənbələrdən biri adının açıqlanmasını istəməyərək bildirib. Onun sözlərinə görə, nəticə ortadadır. Hazırda partiyada Arif Hacılının ikinci başqanlıq dönəmidir. “Partiyadan bir vaxtlar getməyənlər indi üsyan qaldırırlar. Hazırkı narazılıqlar əvvəlkilərin davamıdır. Hər iki tərəf qarşılıqlı ittihamlarla çıxış edir. Mühacir alveri ilə bağlı ortada çox ciddi faktlar var. Partiya bütün bunlarla bağlı düz-əməlli açıqlama verə bilmir. Reallıq ondan ibarətdir ki, Müsavat partiyasında narazılıqlar səngimir. Ona görə də Arif bəy siyasi iradə göstərərək, heç bir qurultay keçirmədən istefaya getməli, partiya normal siyasi idarəçilik qabiliyyəti olan insanlara transfer olunmalıdır”, deyə müsavatçı mənbə bildirib.
Arif Hacılının “ana müxalifətçilik” iddialarından çıxmaq istəməməsi isə, əslində, yalnız onun deyil, bütövlükdə ənənəvi, yaxud radikal müxalifətin təməlini daha çox laxladır. Çünki həmin iddiada digərləri də var və bu qarşıdurmaların həm partiyadaxili, həm də partiyalararası məcraya qədər artması artıq bu cinahın bütövlükdə siyasi məhvini sürətləndirir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB