"Son səfər bir daha göstərdi ki, dövlət hər zaman xalqın yanındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Son səfər bir daha göstərdi ki, dövlət hər zaman xalqın yanındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident aktiv şəkildə regionlara səfər edir və bu səfərlər zamanı həm regionda sosial-iqtisadi inkişafın vəziyyəti, vətəndaşların problemlərinin həlli ilə maraqlanır, eyni zamanda həmin regionun inkişafı ilə əlaqədar yeni innovativ ideyalara dəstək olur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, cənab Prezidentin bu dəfəki səfəri zamanı Suqovuşana yeni avtomobil yolunun açılışı həyata keçirildi: “Bununla Azərbaycan işğaldan azad olunan ərazilərdə infrastrukturun yenidən qurulması, məcburi qaçqın və köçkünlərin qısa bir zamanda öz dədə-baba yurdlarına qayıtması üçün fəal iş aparıldığını göstərir. Ermənistan 30 il ərzində işğal etdiyi əraziləri bərbad vəziyyətdə saxlayırdı. Azərbaycan isə qısa zamanda oranı ən müasir inkişaf səviyyəsinə çatdırır. Eyni zamanda Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı Ermənistanın barbar hücumlarına məruz qalmış vətəndaşın evinə baş çəkməsi, vəziyyətlə tanış olması, evinin yenidən qurulması ilə bağlı görülən işlərə diqqət etməsi hər bir vətəndaşın, ilk növbədə isə müharibədən zərər çəkən ailələrin problemlərinin həll edilməsini böyük diqqətdə saxladığını göstərir”.

A.Mirzəzadə vurğulayıb ki, cənab Prezident regionlarda gedən iqtisadi inkişaf prosesini daim diqqətdə saxlayır: “Hər bir bölgə haqqında məlumatlıdır. İnkişaf mərkəzinin paytaxtdan regionlara köçürülməsində, hər bir regionun xüsusiyyətlərini nəzərə alaraq özünün inkişaf modelini tapmasına dair çox fəal iş aparır. Nəticə isə göz qabağındadır. Bu baxımdan cənab Prezidentin regionlara səfəri regionlarla bağlı bütün məsələlərin həllini diqqətdə saxlaması, vətəndaşlarla görüşərək onların bu və ya digər məsələlərə mövqeyinin öyrənilməsi, onların problemlərinin dinlənilməsi Azərbaycan dövlətçiliyinin çox yüksək təcrübəsi hesab edilə bilər. Son səfər də bir daha göstərdi ki, dövlət, ali hakimiyyət hər zaman xalqın yanındadır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə