“Vasitəçilər Ermənistana zəruri təzyiqləri göstərməlidirlər” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Vasitəçilər Ermənistana zəruri təzyiqləri göstərməlidirlər” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Nikol Paşinyan son aylar bir neçə dəfə Prezident İlham Əliyevlə görüşmək istədiyini bildirib. Azərbaycan prezidenti də dəfələrlə ATƏT-in Minsk Qrupunun təşkil edəcəyi bu görüşdə iştirak etməyə hazır olduğunu bəyan edib. Sonuncu dəfə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyini təkrar edən dövlət başçımız, dərhal sərhədlərin delimitasiyasına və bu proses bitəndən sonra demarkasiyasına, həmçinin gələcək sülh sazişi üzərində Ermənistanla işə başlamağa hazır olduğunu bildirdi və əlavə etdi ki, N.Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazırdır”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bu görüş Cənab Prezidentin söylədiyi kimi, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər: “Bu da iki dövlət arasında gərginliyi azaltmağa, qarşılıqlı etimadı artırmağa, iqtisadi layihələrin reallaşdırılmasını sürətləndirməyə xidmət edərdi. Bütövlükdə, bu danışıqlar Qarabağla bağlı bütün məsələləri həll etməyə imkan verərmi? Çox təəssüf ki, yox. Son günlər həm Ermənistan baş naziri, həm də Qarabağda yaşayan ermənilərin “təmsilçilərinin” verdiyi bəyanatlar bunun mümkünsüz olduğunu göstərir. Azərbaycan Prezidentinin “status barədə” danışıq aparmayacağını dəfələrlə söyləməsinə baxmayaraq qeyd etdiyimiz ermənilər Azərbaycan tərkibində qalmağın qeyri-mümkün olduğunu və statusun vacibliyini söyləməkdə davam edirlər”.

A.Səmədov onu da bildirdi ki, tərəflərinin mövqelərinin bir-birindən bu qədər uzaq olduğu şəraitdə bu görüşün arzuladığımız nəticəyə gətirib çıxarması real deyil: “Bunun üçün mütləq vasitəçilər Ermənistanın reallıqla hesablaşması və Azərbaycanın şərtlərini qəbul etməsi üçün zəruri təzyiqləri göstərməlidirlər. Hadisələr göstərir ki, Minsk Qrupu heç vaxt bunu etməyəcək və bu səbəbdən onun vasitəçiliyindən ciddi nəticələr gözləmək sadəlövhlük olardı. N.Paşinyanın mina xəritələrini erməni diversantları ilə dəyişmək təklifini ciddi saymaq qeyri-mümkündür. Çünki cəmi 25 faiz düzgün olan xəritələr əsasında mina təmizləmək məncə əlavə problemlər yaradır. Bu baxımdan, belə “dəyişmə”ni qəbul etmək yanlış olar. Ancaq digər tərəfdən, bütün dünya üzərimizə gəlir və Azərbaycan ciddi problemlərlə üz-üzə qalıb, haqlı olduğumuz halda haqsız durumuna düşmüşük. Bu səbəbdən Ermənistan baş nazirinin təklifini götür-qoy etməyə və maraqlarımıza cavab verən addım atmağa ehtiyac var”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə