"Qüvvələr sülh sazişinin imzalanması üçün səy göstərməlidirlər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qüvvələr sülh sazişinin imzalanması üçün səy göstərməlidirlər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənubi Qafqazın inkişafını dəstəkləyən qüvvələr Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanması üçün səylərini əsirgəməməlidirlər". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Sevil Mikayılova deyib.


Deputat bildirib ki, Cənubi Qafqazın gələcək inkişafı Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanmasından keçir və regionda sülhun və inkişafın təmin olunmasını istəyənlər bu istiqamətdə töhvə verməlidirlər: “Ermənstanla Azərbaycan arasında münaqişə bitdikdən sonra Cənubi Qafqazda nəhayət təhlükəsiz həyat, sabitlik və inkişaf üçün imkanlar yaranıb. Təəssüf ki, təhlükəsizlik mühitinin formalaşmasına süni əngəl yaratmaq istəyən qüvvələr var və onlar münaqişənin bitməsini heç cür qəbul edə bilmir, bununla da sülhün möhkəmlənməsi prosesini zərbə altına qoyurlar.

Regionda sülhün bərqərar olması Azərbaycanın rəsmi mövqeyidir və Azərbaycan Prezidenti cənab İlham Əliyev sülh sazişinə dair danışıqların başlanmasını vacib hesab edir. Lakin Azərbaycanın sülh sazişi üzərində hazırlıqlara başlamaq barədə çağırışlarına Ermənistan tərəfindən adekvat reaksiya verilməyib. Artıq Ermənistan anlamalıdır ki, regionda özünütəcrid statusunda qalmağın ağır fəsadları olur və məsələ ilə bağlı reallıqlardan cıxış edərək konstruktiv qərar verməlidir”.

S.Mikayılova bildirib ki, Ermənistanda aqressiv yanaşmalara və revanşıst çağırışlara yer olmamalıdır: “Rəsmi Yerevanın öz addımlarına korrektələr etməsi artıq zamanın tələbidir və məsələ ilə bağlı səbatlı davranış olmadan irəliyə getmək mümkün olmayacaq. Ermənistan məğlub olmuş, həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən çökmüş ölkədir və yanlış addımlar əslində onun bu acınacaqlı vəziyyətini daha da ağırlaşdıracaq. Ümid etmək istərdik ki, Ermənstanda revanşist əhval-ruhiyyədə olan qüvvələri dəstəkləyən xarici havadarları da həqiqəti anlamaqda özlərində güc tapacaqlar. Azərbaycana qarşı ərazi iddialarından əl cəkmək lazımdır, Azərbaycanın siyasi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazı vahidi yaxud toponim mövcud deyil və Azərbaycan ərazisində yaşayan ermənilərə “muxtariyyət” verilməsindən söhbət gedə bilməz”.

Deputat əlavə edib ki, münaqişə bitdikdən və Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra 2020-ci il 10 noyabr Bəyannaməsinin sonadək icra olunması regionda sülh və sabitlik üçün əsas şərtdir və təhlükəsizliyin bərpa olunması üçün rəsmi Bakının irəliyə sürdüyü addımların həyata keçirilməsi zəruridir: “Ümid edirik ki bölgədə və proseslərdə fəallıq göstərmək istəyən ölkələr və beynəlxalq təşkilatlar Ermənistanı konstruktiv mövqeyə gətirmək istiqamətində səylərini əsirgəməyəcəklər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə