30 ilə yaxın idi ki, Azərbaycanın işğal altında olan torpaqlarından yazır və işğalın acı nəticələrini diqqətə çəkirdik. Erməni təcavüzkarlarının vurduğu maddi və mənəvi ziyanın Azərbaycana, vətəndaşlarımıza böyük zərbə olduğunu qeyd edirdik. Hər dəfə yazılarda əminliklə işğala son qoyulacağını qeyd edirdik. Nəhayət ki, istəklərimiz, arzularımız çin oldu. Ötən ilin sentyabrın 27-dən başlayaraq vətən torpaqlarının müdafiəsinə hazır olan Azərbaycan oğulları işğalda olan torpaqlarımızı qarış-qarış azad etdilər. İşğaldan azad olan tarixi torpaqlarımızda Azərbaycan bayrağı dalğalandırıldı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzun gücü 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü. Artıq neçə illər idi ki, bir çox ərazilərimiz kimi Xocavənd rayonunun da işğalından yazırdıq. Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi və Sur kəndi, daha sonra isə Edişə, Düdükçü, Çiraquz, Xırmancıq, Ağbulaq (Edilli), Axullu, Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Bünyadlı, Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağavard, Böyük Tağavard və digərləri işğaldan azad olundu. 10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən, Xocavənd rayonu müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.
Xatırladaq ki, 1992-ci ilin bu günü oktyabrın 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində, rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran qalıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti və 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb. İşğal nəticəsində, vurulmuş maddi-mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq, məhv edilib.
Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən, erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib. Ərazisi alçaq dağlıq və şərqdə maili düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 metr olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi, Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində Qədim "Alban" qəbirstanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" gümbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları Oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Erməni işğalı dövründə Xocavəndin ərazisi, bütövlükdə, ekoloji terrora məruz qalmış, Azıx mağarası ermənilərin silah anbarına çevrilmişdir. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınmışdı. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
Xocavənd rayonu, əsasən, kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var. Yurd-yuvasından didərgin düşən xocavəndlilər, əsasən, Beyləqan rayonunda məskunlaşmışlar. Burada dövlət qayğısı ilə onlar üçün 500 ailəlik müasir qəsəbə salınıb. Bu qəsəbədə rayonun icra hakimiyyəti, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, xəstəxana və mədəniyyət evi fəaliyyət göstərir.
Bu gün Azərbaycan başqa bir əhvali-ruhiyyədədir. Azərbaycan işğalda olan torpaqların erməni təcavüzkarlarından azad edib. Tezliklə xocəvəndlilər də həsrətində yaşadıqları məkana dönəcəklər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasəti nəticəsində ordunun gücləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirmiş və ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ərazisini erməni terrorçularından azad etdi. Artıq ermənilər Azərbaycan ordusunun gücünə bələd idilər. Azərbaycan Ordusunun 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad etməsi, ordumuzun növbəti uğuru oldu və ermənilər güclü və müasir slahlanmış ordu ilə üz-üzə qaldılar. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla, üç gün davam edən əməliyyatlar nəticəsində, 11 min hektar ərazini ermənilərdən azad etdi. 2016-cı ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, daha sonra əsgərlərimiz 11 min hektar ərazini işğaldan azad etdi. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır.
Bu gün torpaqlarımız erməni təcavüzkarlarının işğalından azad olunmuşdur. Tezliklə həmin yerlərə dönüş başlanacaq. İnsanlar 30 ilə yaxın bir müddətdən sonra doğma yurdlarına qayıdacaq və yeni bir həyat başlanacaqdır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB