“Qarabağ mövzusu ilə bağlı bu görüşdən gözləntilər çoxdur” - ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Məlum olduğu kimi, sentyabrın 29-u Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş keçirilib. Bu görüşdə Türkiyə üçün bir çox önəmli məsələlərin müzakirə olacağı gözlənilirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, müzakirə edilən mövzulardan biri də Qarabağla bağlı idi: “Düzdür görüşdən sonra müzakirə olunan mövzularla bağlı heç bir açıqlamalar verilmədi. Amma görüş öncəsi verilən mesajlar, təhlillər onu deməyə əsas verir ki, Qarabağla bağlı ciddi müzakirələr aparılmışdır. Hesab edirəm ki, aparılan müzakirələrin əsas qayəsi Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində olmuşdur. Türkiyənin bu məsələdə mövqeyi həmişə birmənalı şəkildə qətiyyətlidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə yanaşı eyni zamanda hesab edirəm ki, kommunikasiya xətlərinin açılması da görüşdə müzakirə predmeti olmuşdur.
10 noyabr Aktının tələblərinin yerinə yetirilməsi və Ermənistanın götürdüyü öhdəliklərinə əməl etməli olduğu çox güman ki, Putinlə müzakirə olunaraq xatırlanmışdır. Ümumiyyətlə Qarabağ mövzusu ilə bağlı bu görüşdən gözləntilər çoxdur. Hesab edirəm ki, Azərbaycanın haqlı mövqeyinə uyğun bu görüşdə Ərdoğan bir çox məsələlərdə müsbət nəticələr əldə etmişdir. Yaxın zamanlarda biz bunun müsbət nəticələrini izləyə biləcəyik. Artıq Ermənistan rəhbərlərinin ağır məğlubiyyətdən sonra düşdükləri bərbad iqtisadi vəziyyətdən çıxış nöqtəsi kimi kommunikasiya xətlərinin açılmasının vacib olması ilə bağlı açıqlamalarına rast gəlirik. Nəzərə almaq lazımdır ki, Ermənistan ağır məğlubiyyətdən sonra hər hansı şərt diktə etmək vəziyyətində deyil. Onun yerinə bunu müxtəlif yollarla Rusiya edir. Bu baxımdan bu görüşdə əldə edilən razılaşmaların münaqişənin Azərbaycanın xeyrinə tam həll olunması və sülh müqaviləsinin imzalanmasına xidmət edəcəyi anlamına gəlir. Rusiya bu gün Qərbin sanksiyaları qarşısında güclü NATO üzvü olan Türkiyə ilə münasibətləri qorumağa və inkişaf etdirməyə çalışır. Türkiyə Rusiya üçün artıq xilasedici rolunu oynayır. Məhz bu amil də qardaş ölkənin liderinin görüşdə Qarabağla bağlı bizim xeyrimizə nəticələr əldə etməsini əminliklə deməyimizə əsas yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB