Andrey Korıbko: "Ermənistan Azərbaycanı provakasiyaya çəkən regional destabilizatordur" - MÜSAHİBƏ

Andrey Korıbko: "Ermənistan Azərbaycanı provakasiyaya çəkən regional destabilizatordur" - MÜSAHİBƏ

Amerikalı politoloq Andrey Korıbko “Caliber” analitik mərkəzinə müsahibəsində Qafqazdakı mövcud geosiyasi vəziyyət və gedən proseslər haqda fikirlərini bildirib. Müsahibəni təqdim edirik.

- Sizcə, 44 günlük müharibə Qarabağ münaqişəsinə birdəfəlik son qoydumu?

- Atəşkəsin Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla razılaşdırılmasına baxmayaraq, İrəvanın şərtlərə tam əməl etməkdən imtina etməsi səbəbindən gərginlik hələ də davam edir.

Ermənistan regional nəqliyyat dəhlizlərinin qarşısını almaq istəyir və son bir il ərzində bir neçə sərhəd təxribatı təşkil edib. Hazırda bu problemlər həll edilə bilən görünür. Rusiya İrəvanı bəyanatın şərtlərinə əməl etməyə sövq etməkdə müsbət rol oynaya bilər.

Kreml regional sabitliyin tərəfdarıdır və bunu təhdid edə biləcək hər şeydən çəkinir. Təəssüf ki, Ermənistan yenə də Azərbaycanı təhrik edərək, imzalanan bəyanatın şərtlərinə tam əməl etməkdən imtina edərək, regional de-stabilizator rolunu oynayır.

Qarabağ problemi həll edilib, amma tam deyil. Qeyd etmək lazımdır ki, bu mərhələdə proses əvvəlkindən daha çox siyasi yolla idarə olunur.

- Hərbi əməliyyatların başlaması və buna uyğun olaraq Azərbaycanın qələbəsi şəxsən sizin üçün gözlənilən idimi?

- Azərbaycanın qələbəsinə heç vaxt şübhə etməmişəm. Onun hərbi üstünlüyü və həqiqətən də torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizə aparan Azərbaycan hərbçilərinin döyüş ruhu azadlıq savaşında uğurla taclandırılmalı idi.

Mən, əksər müşahidəçilər kimi, işğalçı Ermənistan qüvvələrini parlaq şəkildə məhv etməyənə qədər Azərbaycanın təsirli PUA donanması haqqında bilmirdim. Bu silah əslində bir oyun dəyişdirici idi və savaşı çoxlarının gözlədiyindən çox daha tez bitirdi.

- Ermənistan niyə sülh müqaviləsinin imzalanması prosesini ləngidir?

- Baş nazir Paşinyan, onu əraziləri "satmaqda" günahlandıran ultra-millətçi qüvvələr tərəfindən böyük təzyiq altındadır. Bir çoxları onu müharibədə məğlubiyyətin əsas günahkarı hesab etsələr də, əslində ermənilər ona minnətdar olmalıdırlar. Üçtərəfli atəşkəs bəyanatına imza atmasaydı, Ermənistan silahlı qüvvələri Azərbaycan tərəfindən tamamilə məhv ediləcəkdi. Paşinyan bununla razılaşaraq Ermənistan ordusunun qalıqlarını xilas etdi.

Buna baxmayaraq, Paşinyana qarşı əraziləri "satmaq" ittihamları bir çox uğursuzlar üçün cazibədardır, çünki bu, müharibənin nəticələrinin gələcəkdə nə vaxtsa yenidən nəzərdən keçirilə biləcəyinə dair yalan ümid verir, təbii ki, əgər hakimiyyətə bir millətçi lider gətirə bilsələr.

Sualınıza qayıdaraq deyim ki, Paşinyan ultramillətçi qüvvələrin idarəolunmaz iğtişaşlara səbəb olacağından və hətta sülh müqaviləsi imzalayacağı təqdirdə ona qarşı öz "rəngli inqilabını" təşkil edə biləcəyindən qorxur.

İmzanı niyə gecikdirdiyini bu izah edir. Çox güman ki, silahlı qüvvələrinin sədaqətini qiymətləndirir, çünki içərisində ona qarşı çevriliş planlaşdırmağa cəhd edə biləcək ultranasionalist ünsürlər var, baxmayaraq ki, indi bu risk əvvəlkindən qat-qat aşağıdır. Paşinyan sülh müqaviləsi imzalamağa qərar verərsə, silahlı qüvvələrin və polisin üsyan etməyəcəyinə və hər hansı bir "rəngli inqilabı" effektiv şəkildə boğa biləcəyinə tam əmin olduqda bunu edəcək.

- Sizcə, yaxın gələcəkdə yeni müharibənin baş verməsi ehtimalı varmı?

- Məncə yoxdur. Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlayacağı ehtimalı azdır. Bu halda erməni ordusunun kiçik qalıqları da tamamilə məhv ediləcək. Rusiya bunu bilir və buna görə də Ermənistanın ultra-millətçi intihar impulslarının qarşısını almaq üçün əlindən gələni edəcək.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə