Gürcüstanın yerli özünüidarəetmə orqanlarına seçkilərə bir neçə gün qalmış ölkənin üçüncü prezidenti Mixail Saakaşivili Tiflisə qayıtmaq iddiasını ortaya qoyub. SİA gürcü mənbələrinə istinadən xəbər verir ki, bunun sübutu olaraq Saakaşvili özünün Facebook səhifəsində özünə və anası Giuli Alasaniaya aldığı təyyarə biletini nümayiş etdirib.
Gürcüstan hakimiyyəti isə buna ani şəkildə reaksiya verib: "Saakaşviliyə qarşı məhkəmənin qərarı var və onu Gürcüstanda 10 il müddətinə həbs gözləyir".
Əslində Saakaşvilinin bu addımı çox risqlidir. Onun 8 illik məcburi mühacirətdən sonra vətəninə qayıtması siyasi ölümlə də sonuclana bilər. Saakaşvili isə bu seçkilərdə ya özünün rəhbəri olduğu "Milli Hərəkat" (MH), ya da hakim "Gürcü Arzusu" (GA) partiyasının qalib gələcəyini deyib. Amma III prezident ölkəsinə qayıtmaqla "Gürcü Arzusu"nu arxivə göndərəcəyini qətiyyətlə bildirir. Belə gərgin bir zamanda, xüsusən də boş vədlərlə dolu və qütbləşmiş Gürcüstan cəmiyyətinin yeniləşmək istəyini reallaşdırmaq istəyir. Biletin nümayişi isə niyyətin reallaşacağını sübut edən faktor deyil. Təxminən 10 il əvvəl siyasi mühacirətdə olan keçmiş müdafiə naziri İrakli Okruaşvili də televiziya kameraları qarşısında Paris-Tbilisi aviabiletini yelləyirdi. Ancaq Tbilisidə üsyan edən müxalifət onu gözləyəsi olmadı, hər şeyi onsuz etdi.
Saakaşvilinin özü də, deyəsən, bir neçə il əvvəl oxşar addım atmışdı. Beləliklə, oktyabrın 2-də Tbilisi vaxtı ilə saat 23:05-də Gürcüstanın üçüncü prezidentinin Kiyev-Tbilisi təyyarəsinin pilləkənindən enəcəyi hələlik söz olaraq qalır. Saakaşvilinin gələ bilməməyinə bəzi "amillər" mane ola bilər: pis hava şəraiti, yaxud eks-prezidentin uçacağı Kiyev beynəlxalq hava limanında baş verən texniki nasazlıq. Üçüncü və əsas səbəb - Tbilisi-Kiyev anlaşması isə daha real görünür. Hər iki ölkə Saakaşvilinin siyasi mövcudluğuna qarşıdır. Amma oktyabrın 2-də Saakaşvilinin Gürcüstana gəlməməsi onun etibarını sarsılda bilər.
Eks-prezidentin həbsi heç də hakimiyyətin maraqlarına uyğun gəlmir. Saakaşvili səfərini ABŞ və Avropadakı dostları ilə yaxşı əlaqələndirə bilər, onlardan "kart-blanş" ala bilər, yəni rəsmi Tbilisi onu həbs etdirərək müəyyən Qərb dairələrinin xoşagəlməz təzyiqi altında qala və müxalifətin ənənəvi isterik çıxışları ilə qarşılaşa bilər. Saakaşvilinin ehtimal olunan həbsi daha böyük qalmaqala səbəb ola bilər. İndiki hakimiyyətin siyasi reytinqi də ipdən asılı kimi görünür. Son hadisə - xarici diplomatların telefonlarının dinlənməsi və bu yaxınlarda Gürcü Pravoslav Kilsəsinin nazirlərə qarşı qərəzli dəlillərlə çıxış etməsi fonunda daha böyük siyasi repressiyaya imza atmaq istəyi hakim partiyanın və hökumətin nüfuzuna ciddi zərbə vura bilər.
Bütün bunlarla yanaşı Saakaşvilinin geri dönməsi heç də seçkilərdə iştirakla bağlı görünmür. Onun Kiyevdən gəliş vaxtına diqqət yetirin - 23.05, yəni seçki məntəqələrinin bağlanmasından bir neçə saat sonra. Beləliklə, Saakaşvili Tiflisə qayıtsa belə seçkilərin nəticələrinə heç bir təsir göstərə bilməyəcək. Onun Gürcüstana gəlişi, (yeri gəlmişkən, Saakaşvili Ukrayna vətəndaşı olduğu üçün heç bir şəkildə seçkilərdə iştirak edə bilməz) yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə iştirak üçün deyil, seçkidən sonrakı proseslər, yəni hakim partiyanın 43%-dən az səs toplayacağı təqdirdə müxalifətin çıxışları və etirazları üçündür. Bundan əlavə, M.Saakaşvili Kiyevi tərk etməzdən əvvəl də, heç şübhəsiz ki, exit-poll üzrə səsvermənin ilkin nəticələri və hətta seçki komissiyalarından bəzi məlumatların "sızmaları" barədə qeydlər də onun əlində olacaq.
Digər versiya da var. Saakaşvilinin anası və özü üçün aldığı aviabiletlərin facebook-da nümayişi də aldadıcı ola bilər. Eks-prezident bilir ki, Gürcüstan məhkəməsi onun həbsi barədə qərar verib və görəvlilər bu işi asanlıqla həyata keçirəcəklər, yəni hüquqi baza artıq hazırdır. Onun üçün Saakaşvili Gürcüstana digər, daha az mühafizə olunan sərhəd keçid məntəqəsindən daxil ola bilər. Belə olan halda hadisələrin 2 oktyabr seçkiləri ilə bitməyəcəyinə şübhə yeri qalmır.
Müxalifət bu seçkiləri indiki hakimiyyətin etimad məsələsinin növbəti sınağı olduğunu bilir, ona görə də bu prosesi bir növ referendumla eyni səviyyədə tutur. Və 2 oktyabrda hakim GA partiyası səslərin 43%-dən çoxunu qazanmasa, erkən parlament seçkilərini nəzərdə tutan Çarlz Mişel Sazişinin gündəmə gətirilməsinə israr edir. Bu cür fikirləri nədənsə "Gürcü Arzusu"nu sevməyən Qərb siyasi dairələri də dəstəkləyir.
Qeyd edək ki, Çarlz Mişelin Sazişi hakim GA və müxalifər partiyaları arasında imzalanmış və Gürcüstanı uzun sürən daxili siyasi böhrandan çıxarmağa dair əldə edilmiş razılaşmadır. Amma bu sazişi Saakaşvilinin rəhbərlik etdiyi Gürcüstanın ən böyük müxalifət partiyası - "Xalq Hərəkatı" imzalamaqdan imtina edib. halbuki Saakaşvilinin partiyası siyasi qarşıdurmanın baş verməsində maraqlı idilər. "Xalq Hərəkatı"nın anti-böhran sazişinə qoşulmasını gözləməyən "Gürcü Arzusu" partiyası isə birtərəfli qaydada həmin anlaşmadan imtina etdi. Hadisələrin gedişi də göstərdi ki, hakim partiyanın başqa çıxış yolu qalmayıb. Bununla yanaşı "Gürcü Arzusu" partiyasının liderləri növbədənkənar parlament seçkilərinə getməyəcəklərini də qəti şəkildə bildirdilər. Amma belə kəskin mövqe müxalifəti yolundan döndərmək üçün yetərli olmayıb. Ona görə də "Gürcü Arzusu" partiyası yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə 43%-dən çox səs toplamasa növbədənkənar parlament seçkiləri qaçılmaz olacaq.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB