“Ermənistan çağırışlara müsbət cavab vermir” - BEYNƏLXALQ EKSPERT AÇIQLADI

“AŞPA Ermənistana mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı çağırış edib. Bundan öncə də yay aylarında AŞPA-nın iclası zamanı Avropa Şurasının baş katibi xanım Mariya Buriç mina xəritələrinin təhvil verilməsinin zəruriliyi ilə bağlı fikirlər səsləndirmişdi. Təəssüf ki, davamlı olmasa da müxtəlif səviyyələrdə Qərbi Avropa dövlətləri və Avropa siyasi institutları tərəfindən Ermənistana bu cür çağırışlar edilsə də, Ermənistan bu çağırışlara müsbət cavab vermir”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, demək olar ki, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrindən başqa digər bölgələrin mina xəritələrinin təhvil verilməsi istiqamətində praktiki addımlar atmaqda maraqlı görünmür: “Eyni zamanda onu da nəzərə alaq ki, həm Ağdam, həm də Füzuli və Zəngilan rayonları üzrə təhvil verilmiş mina xəritələri də dəqiq deyil. Azərbaycan tərəfinin araşdırmalarına görə, həmin xəritələrin 25%-i dəqiqlik təşkil edir. Ona görə də hesab edirəm ki, Ermənistan cəmiyyəti Azərbaycan dövlətinin dəfələrlə səsləndirdiyi və beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən də dəstək alınmış mina xəritələrinin təhvil verilməsi ilə bağlı təklifə ciddi yanaşmalıdır.

Nikol Paşinyan Ermənistanın regionda sülh prosesinin möhkəmləndirilməsi istiqamətində addımların atılmasında maraqlı olduğunu bəyan edir. Hətta, hökumətin 5 illik planını təqdim edərkən Baş nazir Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa olunması və bu münasibətlərin qurulmasının Ermənistan üçün mühüm əhəmiyyətə malik olduğunu bildirir. Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsinin yüksək səviyyədə müzakirəyə çıxarılmasında maraqlı olduğunu bəyan edir. Amma paralel olaraq Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsinə xidmət edəcək bu istiqamətdə ilkin addımlar kimi qiymətləndirilə biləcək prosesləri başlatmaqda maraqlı görünmür. Düşünürəm ki, xüsusilə mina xəritələrinin təhvil verilməməsi müharibənin bitməsindən uzun müddət keçməsinə baxmayaraq Ermənistanın müharibə cinayətlərini hələ də davam etdirdiyini göstərir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə