Azərbaycan Prezidenti: “Hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün Ermənistana xəbərdarlıq etmək vaxtıdır”
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu; Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.Bəli, dövlət başçımızın dediyi kimi, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün Ermənistana xəbərdarlıq etmək vaxtıdır.Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində aparıcının “Müharibənin ildönümü ilə əlaqədar müraciətinizdə Siz dediniz ki, “əgər biz erməni faşizminin bir daha baş qaldırdığını görsək, yeni təhlükə görsək, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik”. Bu, sülh mesajı kimi səslənmir, elə deyilmi sualını cavablandırarkən deyib: «Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz. Bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bütün bunlar xoşməramlı jestlərdir».
Dövlətimizin başçısı həmçinin bildirib ki, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib: “Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin, bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi”. Prezident İlham Əliyev vurğulayıb ki, onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi: “Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır”.
"Biz, əlbəttə, bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb".
Azərbaycan Prezidenti “France-24” televiziya kanalına müsahibəsində "Hərbi əsirlərə gəldikdə, “Human Rights Watch” Azərbaycanı onları saxlamaqda, onlara işgəncə verilməsində ittiham edir. Buna cavabınız necə olardı? Xoşməramlı jest kimi, Ermənistanla onları mübadilə etməyə hazırsınızmı? sualını cavablandırarkən bildirib ki, Ermənistan hökuməti bunu təsdiq edə bilər: “Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi həmin şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib”.
“Münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir”
"Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər". Bunu Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində "Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib" sualını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib ki, niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır: “Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.
“Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur”
Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində bildirib ki, «Mənim bəyanatlarımda siz heç vaxt ərazi iddialarının əlamətlərini tapa bilməzsiniz. Mənim nəzərdə tutduğum tarixi həqiqətdir. Bu, bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl".
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də var: “Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan ilk növbədə Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik”.
Bəli, Azərbaycan Prezidenti istər müsahibələrində, çıxışlarında, görüşlərində, istərsə də işğaldan azad olunmuş torpaqlara hər səfərində dönə-dönə bildirir ki, hər bir sahədə gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir: «Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir».
Bəli, Azərbaycan Prezidentinin verdiyi mesajlar təkcə Ermənistana deyil, həm də bu ölkənin havadarlarına ünvanlanmışdı. Ölkə başçısı tam əminliklə qeyd edir ki, Dağlıq Qarabağ problemi artıq geridə qalıb, münaqişəni alovlandırmaq cəhdləri tamamilə əbəsdir. Eyni zamanda, hazırda Qarabağda yaşayan ermənilərə statusun verilməsindən söhbət gedə bilməz, bu məsələ birdəfəlik bağlanıb. Digər tərəfdən, Ermənistandan hansısa təxribat olacağı təqdirdə, Azərbaycan "Dəmir yumruğu"nu yenidən işə salaraq, düşmənin dərsini verəcək. Zəngəzur dəhlizinin açılmasına gəlincə, ölkə başçısı regionu birləşdirəcək layihənin reallaşacağını, heç kimin ölkəmizin təşəbbüsünə mane ola bilməyəcəyini lazımı ünvanların diqqətinə çatdırmış oldu.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB