Bizim istəyimiz bölgəmizi sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir - DEPUTAT ŞƏRH ETDİ

Bizim istəyimiz bölgəmizi sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir - DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyev həm cənab İqor Korotçenkoya, həm Anadolu Agentliyinə və həm də France 24 kanalına verdiyi müsahibəsində dünyaya açıq mesajlar verdi. Azərbaycan beynəlxalq təşkilatların üzərlərinə düşən öhdəlikləri özü icra edib. Uzun illərdir Minsk Qrupu diplomatik turizm funksiyasını daşıyırdı. Azərbaycan onların da üzərinə düşən bütün vəzifələri özü icra edirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat vurğulayıb ki, münaqişə bitib: “Azərbaycan münaqişədə öz qəhrəman oğullarını itirib, lakin bütün taleyüklü məsələləri özü həll edib. Azərbaycan hazırda böyük qayışıdışın astanasındadır. Qarabağ bərpa edildikdən sonra 100 minlərlə qaçqın öz evlərinə qayıdacaq. Bizim istəyimiz bölgəmizi sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Bu mesajları cənab Prezident bütün dünyaya göndərdi”.

A.Mollazadə vurğulayıb ki, Prezident İlham Əliyevin beynəlxalq informasiya mərkəzlərinə və beynəlxalq mediaya verdiyi açıqlamalar Azərbaycanın səsi idi: “Bizim hər zaman olduğu kimi, əsas strategiyamız əməkdaşlıq, tərəfdaşlıq, sabitlik və sülhdür. Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin gücü bölgədə stabilliyi qorumağa qadirdir. Fikrimcə, yüksək səviyyədə dünya ictimaiyyətinə verilən məlumatlar, eyni zamanda, bir çağırış idi. Kim müsbət bir addım atmaq istəyirsə, sülhə xidmət etsin və sülhü daim etmək üçün Ermənistana təsir göstərsin ki, onlar revanşizmə son qoysunlar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə