"Yararsız təyyarə raketləri Paşinyan hakimiyyəti tərəfindən alınıb" - Ohanyan
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan Silahlı Qüvvələri üçün istifadə müddəti başa çatmış təyyarə raketlərinin alınması ilə əlaqədar dindirilib. SİA xəbər verir ki, bunu Ohanyanın özü "24News"-a müsahibəsində deyib.
Parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Andranik Koçaryanın "raketlər əvvəlki hakimiyyət tərəfindən alınıb" sözlərinə münasibət bildirən Ohanyan təyyarə raketləri ilə əlaqədar cinayət işinin açıldığını söyləyib. Əlavə edib ki, Aviasiya İdarəsinin keçmiş rəisi də nəzarətə alınıb və sorğu-sual edilir.
Keçmiş nazir yararsız raketlərin keçmiş yox, indiki hakimiyyət dövründə alındığını vurğulayaraq, müqavilənin bəzi detallarını açıqlayıb. Onun sözlərinə görə, raketlərin çatdırılması 2011-ci ildə həyata keçirilib, döyüş sursatının 30 faizi istifadəyə yararlı idi və Silahlı Qüvvələr tərəfindən qəbul edilib. Ohanyanın sözlərinə görə, qalan 70 faizi isə istifadəyə yararsız idi. Təchizatçı təşkilatın tələbi ilə təyyarə raketləri başqa ölkəyə satış icazəsi alınana qədər bizim anqarlarda saxlamaq haqda qərar qəbul edildi.
"2018-ci ildə isə bu raketlər Müdafiə Nazirliyinin balansına əlavə edildi, nazirlik onları iki dəfə baha qiymətə aldı. İstintaq Komissiyası vicdanlı davranmalı və 2011-ci ildə Müdafiə Nazirliyinin qəbul etmədiyi raketlərin 2018 -ci ildə satın alındığını söyləməlidir. Buna görə də ziyan və korrupsiya halı bizim yox, indiki hakimiyyətin üzərindədir", deyə Ohanyan bildirib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı hallarının müəyyən edilməsi barədə məlumat vermişdi. Nazirlikdən verilən məlumata görə, sözügedən məmur çoxlu sayda istifadə müddəti başa çatmış raketlərin alınması üçün sifarişlər verib. Raketlərin alınması üçün təchizatçı şirkətlə 2.277.323.840 dram (4.655.200 dollar) dəyərində müqavilə bağlayıb.
Kəşfiyyat xidmətindən verilən məlumata görə, çatdırıldıqdan bir müddət sonra raketlərin bir hissəsi balansdan çıxarılıb, qalanları isə 44 günlük müharibə zamanı da daxil olmaqla istifadə edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB