Prezidentin bu mesajı Ermənistan cəmiyyətinə istiqamətlənmişdi - EKSPERT AÇIQLADI

Prezidentin bu mesajı Ermənistan cəmiyyətinə istiqamətlənmişdi - EKSPERT AÇIQLADI

“Prezident İlham Əliyev 44 günlük müharibənin başlamasının ildönümündə Türkiyənin rəsmi “Anadolu” agentliyinə müsahibəsində bir çox vacib məqamlara toxundu. Bu məqamlar içərisində indiyədək vurğulanmamış məsələlər də var idi, daha iddialı və açıq şəkildə verilən mesajlar da”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva vurğulayıb.

Politoloqun sözlərinə görə, ilk mesaj Ermənistan cəmiyyətinə istiqamətlənmişdi və bildirilirdi ki, firavan yaşamağınız üçün sadəcə, Azərbaycanın idarəçiliyinə ehtiyacınız var və düşdüyünüz acınacaqlı vəziyyətdən tək çıxış yolu budur: “Prezident ermənilərin işlə təmin olunmasını da vurğuladı. Bu, əlbəttə ki, təsadüfi deyil. Erməni ekspertlərin özlərinin də mətbuatda yayılan şərhlərinə görə artıq Ermənistanda işsizlik səbəbindən 3-cü böyük köç gözlənilir. Cənab Prezident erməni gənclərə müraciət edərək separatçı-terrorçu rejimdən yaxa qurtarıb sivil şərtlər altında yaşamağı tövsiyə edir. Həmçinin, İlham Əliyev işğaldan azad edilmiş bölgələrdə aparılan yenidənqurma işlərini örnək göstərir və eyni inkişafın onlar yaşadığı ərazilərdə də aparıla biləcəyinə eyham vurur. Prezidentin “Biz müharibə istəmirik, amma hər şey Ermənistandan asılıdır” sözləri də bir növ erməni cəmiyyətinə ünvanlanıb. Bu bəyanatla bildirilir ki, sizin Azərbaycan qanunvericiliyi altında yaşamaq istəməməyiniz yeni müharibəni alovlandıra bilər”.

Z.Qarayeva vurğulayıb ki, cənab Prezidentin erməni cəmiyyətinə yönəlmiş bu mesajları həm də onu göstərir ki, artıq rus sülhməramlılarının nəzarət etdiyi bölgələrlə bağlı proqram hazırlanır və yaxın zamanda həmin bölgələrdə də Azərbaycan bayrağı dalğalanacaq və inkişaf layihələri icra olunacaq: “Bu mesajlar həm də beynəlxalq ictimaiyyətə yönəlib və muxtariyyət, status anlayışlarının “gorbagor” olduğuna eyhamdır. Bundan öncə prezidentin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında da bənzər mesajlar səsləndirildi və kəskin ultimatum verildi ki, hüquq sistemində mövcud olmayan inzibati ərazi vahidlərindən heç kim istifadə edə bilməz. Bu mesajın artıq reallaşmasına doğru addımların şahidi oluruq. Görünən odur ki, bütün addımlar yaxın zamanda Azərbaycanın 86.6 min kv. km-lik ərazisinin bərpa olunmasına və bütün torpaqlarımızda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə hesablanıb”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə