“Qarabağın statusu ilə bağlı danışıqlardan söhbət gedə bilməz” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan tərəfinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları bərpa etmək istəyi bütün hallarda Paşinyanın erməni cəmiyyətində müəyyən mənada nüfuzunun qalxmasına səbəb ola bilər. Çünki müharibədəki məğlubiyyətin doğurduğu şok Paşinyanı məmnun etməmişdir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Qarabağın statusu ilə bağlı danışıqlardan söhbət gedə bilməz: “Azərbaycan ordusu özünün Müzəffər Ali Baş Komandan ilə zamanında Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrasına nail olub. 30 il ərzində BMT-nin icra edə bilmədiyi qərarları Azərbaycan xalqı, ordusu yerinə yetirdi və Azərbaycanın işğal olmuş ərazilər üzərində ərazi bütövlüyü təmin etdi. Digər tərəfdən, Prezident İlham Əliyevin dediyi kimi, Qarabağda 25 minlik bir erməni icmasına statusunun verilməsi hansı zərurətdən irəli gələ bilər? Nəhayət, Prezidentin ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin diplomatlarına ünvanlanmış məlum mesajı oldu ki, əgər kimsə Qarabağa belə bir status vermək istəyirsə, buyursunlar, öz ərazilərində ermənilərə belə bir status versinlər. Azərbaycan bu mənada həmin təkliflərə və layihələrə mane olmayacaq”.

E.Manafov onu da bildirib ki, Paşinyan özü etiraf etməsə də, onun qərbyönümlü siyasətçi olması faktorunu nəzərə alsaq, onu hakimiyyətə gətirmiş dairələrin qarşısında məsuldur: “İlk növbədə ABŞ və Sorosun qarşısında öhdəlikləri var. Heç şübhəsiz ki, Rusiyanın sülhməramlılar qismində bölgəyə gəlməsi açıq deyək ki, nə Paşinyanın, nə də onun siyasətinə havadarlıq edən Fransa və ABŞ-ı qane etmir. Bu baxımdan, danışıqların bərpa ediləcəyi təqdirdə, tərəflər Rusiyanın bu mövqeyi ilə bağlı məsələlərə də bu və ya digər şəkildə dəyişiklik edə biləcəklərinə güman edirlər. Yəni, bölgədə əslində, geosiyasi mühit dəyişib. Azərbaycan ordusunu əldə etdiyi qələbədən sonra geosiyasi mühitin yeni reallıqları nə Ermənistanın, nə də onun siyasətinə havadarlıq edən dairələri qane etmir. Ona görə də, danışıqlar yolu ilə bu mühitin dəyişə biləcəyi ilə bağlı ehtimalları nəzərə alırlar. Amma Azərbaycan öz iqtisadiyyatı, ordusu və Prezidentinin həyata keçirdiyi islahatlarla sübut etdi ki, Azərbaycan lider dövlətidir. Azərbaycan dövləti ilə razılaşdırmadan xüsusilə, Azərbaycan Türkiyə ittifaqının nəzərə almadan bölgə ilə bağlı bu və ya digər layihələri reallaşdırmaq mümkün olmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...