Qazaxıstanda şəhidlərinmizin Anım tədbiri keçirilib

Azərbaycanın Qazaxıstandakı səfirliyində 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Beynəlxalq Türk Akademiyasının nümayəndələri, diaspor və KİV təmsilçiləri iştirak ediblər.

İştirakçılar əvvəlcə səfirliyin qarşısında xüsusi hazırlanmış banerin önünə əklil və gül dəstələri qoyublar.

Tədbir 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra iştirakçılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciətini izləyiblər.

Səfirliyin nümayəndəsi Anar Hüseynzadə tədbir iştirakçılarını salamlayaraq, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti, erməni vandalları tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyət barədə ətraflı məlumat verib. Hazırda Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atıldığını qeyd edən A.Hüseynzadə bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə 44 günlük müharibəyə həsr olunmuş videoçarx, həmçinin “BİZ” sənədli filmi nümayiş etdirilib.

Sonda qonaqlar erməni vəhşiliklərini əks etdirən fotosərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə