Rus ekspertlər: “Azərbaycan yekun həlli çox gözləməyəcək və hərəkətə keçəcək” - ŞƏRHLƏR

“Üçtərəfli razılaşmanın icrası ilə bağlı Rusiyanın daha fəal olması və erməni lobbiçiliyinin qarşısını almaq lazımdır”

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında 2-ci Qarabağ müharibəsinin başladığı gün qeyd olunacaq. Müharibə dayandıqdan sonra 9 (10) noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı tarixi üçtərəfli bəyanatı verildi. Qarabağ nizamlanmasının müddəalarını özündə birləşdirən razılaşma imzalandı. Rusiya analitikləri Qarabağ məsələsinin həllində və ümumiyyətlə, bir il sonra Ermənistan-Azərbaycan arasındakı vəziyyəti “Moskva-Baku” portalına şərh edirlər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

Milli Müdafiə jurnalının baş redaktoru, hərbi-siyasi analitik İqor Korotçenko:

“Qarabağdakı münaqişə keçmişdə qalıb. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Rusiya sülhməramlıları bölgədədir. Azərbaycan qalib gəldi, Ermənistan məğlub oldu, amma yaxşı qonşuluq və inkişaf şəraitində yeni bir həyat şansı yarandı, bundan istifadə etmək məntiqli olardı. Rusiya ötən ilin noyabrında başqalarının bacarmadığı şeyi edə bildi- tarazlığı qorumaq və münaqişəni həll etmək. Eyni zamanda, uzun sürən bir münaqişənin həllində bölgədə təsirli vasitəçi olduğunu göstərdi. Mövcud vəziyyətə görə əlimizdə olan budur. Bəli, bu, uğurdur, amma müharibədən bir il sonra mövcud bir reallıq var.

Bu günün əsas sualı və əsas problemi, erməni diasporunun və İrəvandakı revanşist qüvvələrin üçtərəfli bəyanatın necə həyata keçiriləcəyi ilə bağlı fikirlərini tətbiq edə biləcəyidir. Əvvəla, hamı yaxşı başa düşür ki, burada praktiki olaraq heç bir şey Ermənistandan asılı deyil. Bəyanatın Rusiya tərəfindən yenidən nəzərdən keçiriləcəyi sual altındadır. Belə bir təhlükə həqiqətən mövcuddur, çünki erməni lobbisi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında irəli sürülən prinsipləri və öhdəlikləri şübhə altına almaq üçün fəal işləyir. Bu gün informasiya məkanında Türkiyədən artan təhlükə, Azərbaycanın az qala NATO-ya getməsi ilə bağlı tezis yenidən aktiv şəkildə ortaya atılır. Rusiyanın media məkanında da daxil olmaqla, Azərbaycana böhtan atmaq kampaniyası gedir. Həm erməni lobbiçiləri, həm də beynəlxalq erməni strukturlarının sifarişini yerinə yetirən qüvvələr bununla məşğuldurlar. Bu, Rusiyanın milli təhlükəsizliyinin maraqlarına uyğun gəlmir, amma bu, reallıqdır.

İndi Qarabağ yolunda kifayət qədər qarışıq bir dövr, dayandırılmış bir vəziyyət müşahidə edirik. Prezident Putinlə Prezident Əliyev arasındakı yaxşı şəxsi münasibətlərin bu təhlükəli vəziyyətdən heç bir toqquşma, sarsıntı keçirmədən keçə biləcəyinə əsaslanaraq üçtərəfli bəyanatın bütün bəndlərinin dəqiq və ciddi şəkildə yerinə yetirilməsini təmin edəcəyik.

Bu gün digər bir əsas təhlükə, erməni qüvvələrinin Rusiya sülhməramlılarını və Azərbaycanın silahlı qüvvələrini qarşıdurmaya sövq etməyə çalışa biləcəkləri və potensial silahlı təxribatlardır. Xarici maraqlar bir təxribat ssenarisi üzərində işləyirlər- ilk növbədə Fransa, Amerika Birləşmiş Ştatları. Və bu ölkələrdəki erməni diasporları. Üstəlik, Qarabağdakı qanunsuz separatçı rejimin qalıqları, hansı ki, onların bu ərazidə olması nə beynəlxalq hüquqa, nə də mövcud reallıqlara uyğun gəlmir.

Ermənistan indi yenə qeyri-konstruktiv davranır, tələsir. Paşinyan bir tərəfdən bəzi anlaşılmaz siqnallar verir, Azərbaycana qarşı təxribatlar edir, digər tərəfdən də Türkiyə ilə yaxınlaşmağa çalışır.

Prezident Putinin dediklərinin hamısı yerinə yetir. Ancaq başa düşmək lazımdır ki, indi erməni lobbiçilərinin kəskin bir aktivləşməsi gedir, Rusiya hakimiyyətinin şaquli olaraq müxtəlif səviyyələrində təmsil olunan bəzi şəxslər vasitəsilə nəyin yaxşı, nəyin pis olduğuna dair öz fikirlərini tətbiq etmək üçün çalışırlar. Buna görə də, hər hansı bir xarici siyasət təhlilinin Rusiyanın milli maraqlarını nəzərə alaraq aparılacağı bir vəziyyəti təmin etmək çox vacibdir. Qərar verərkən bizə erməni maraqlarını yükləməyə çalışmasınlar. Burada fəal xalq diplomatiyası metodlarına, bölgənin gələcəyi və üçtərəfli bəyanatın həyata keçirilmə ardıcıllığına dair fikirlərini təqdim etmək üçün ekspert platformalarının cəlb edilməsinə ehtiyacımız var. Bu problemlərin ekspert icması tərəfindən təhlilinə ehtiyacımız var. Bölgədə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı işlərin olduqca ləng rejimdə davam etdiyini görürük. Aydındır ki, bu istiqamətdə sürüşmə var.

Bundan əlavə, Paris və Vaşinqton inadla prosesə girməyə çalışırlar. Fransanın mövqeyi və ABŞ-ın Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyi de-struktivdir- Azərbaycan əleyhinə və Rusiya əleyhinə. Amma ilk növbədə, Azərbaycan əleyhinə. Çünki müstəqil güclü Azərbaycan nə Parisə, nə də Vaşinqtona yaraşmır, bu, onlar üçün sərfəli deyil. Onların vəzifəsi bölgədə siyasi nizamlanmanın tamamlanmasının qarşısını almaqdır. Buna görə də, Amerika diplomatlarının təxribatçı bəyanatlarını, Yelisey Sarayının təxribat xarakterli bəyanatlarını mütəmadi olaraq görürük. Rusiyanın bölgədəki problemləri köklü şəkildə həll etməyə başlaması Qərb ölkələri üçün sərfəli deyil. Təxminən 30 ildir məşğul olduqları söhbətə yenidən girmək və məşğul olmaq istəyirlər. Keçən ilin payızında Azərbaycan Prezidenti daha bir erməni təxribatına cavab olaraq "Dəmir yumruq" əməliyyatını başlatdı və nəticədə 30 illik nəticəsiz danışıqlardan sonra problem belə həll edildi.

İranla vəziyyətin indi çətin olduğunu görürük. Keçən ilin noyabrında üçtərəfli bəyannamə imzalananda bu, ümidli idi. Çoxtərəfli regional əməkdaşlıqdan danışdılar. Sonda, ehtimal ki, belə olacaq. Amma indi çətin bir reallıq görürük. İndi İrandan gördüyümüz hər şey, Tehranın təəssüf ki, Azərbaycanın dostu olmadığını sübut edir. İran öz oyununu oynayır.

Bunun fonunda Azərbaycanın azad edilmiş əraziləri bərpa etmək üçün son dərəcə qısa müddətdə nə qədər təsirli və effektiv fəaliyyət göstərdiyini göstərmək vacibdir. Bu, təkcə torpağınıza olan məhəbbəti deyil, həm də beynəlxalq ictimaiyyətə torpaqları geri qaytardığınızı və onlara yaxşı və perspektivli həyat verdiyinizi göstərir. Ərazinin bərpası çox yüksəkdir. Bakı gələcəyin həyat modelini göstərir. Bunlar "ağıllı" şəhərlər və kəndlər, əla nəqliyyat infrastrukturu, sənaye və kənd təsərrüfatının bərpasıdır. Azərbaycan bütün dünyaya təsirli, inkişaf edən bir ölkə modeli göstərir. Füzuli hava limanı, Füzuli- Şuşa avtomobil yolu. Mədəniyyət abidələrinin bərpası, “Xarıbulbul” festivalı, Vaqif şeir günləri. Bütün bunlar çox əhəmiyyətlidir. Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisi isə özünün separatçıların nəzarəti altındakı acınacaqlı varlığını müqayisə edəcək və tezliklə çoxmillətli Azərbaycanda necə yaşayacağını görəcək.

Təbii ki, Rusiyanın Qarabağla bağlı üçtərəfli razılaşmanın həyata keçirilməsi prosesini sürətləndirməsi lazımdır. Səmərəli vasitəçi statusunu təsdiqləmək, lazım gəldikdə, icrası üçün şərtlər qoymaq, çünki razılaşmanın icrası məsələsi Rusiyanın bölgədəki imicinə aid bir məsələdir. Hər şey aydın və başa düşülən olmalıdır. Xüsusilə, bölgədə kənar maraqlı tərəflərin aktivləşməsi fonunda. Əks halda, vəziyyət yenidən nəzarətdən çıxa bilər . Erməni silahlılarının Qarabağdan çıxarılmasını həll etmək çox vacibdir, çünki onların iştirakı nəinki çoxlu suallar doğurur, həm də təhlükəsizlik üçün təhlükə yaradır. Mina sahələrinin xəritələrinin ötürülməsi ilə məsələni həll etmək lazımdır. Nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədin delimitasiyası və demarkasiyası ilə sülh müqaviləsi imzalanmalıdır. Bəyanatda daha çox konkretlik tələb edən bir çox məqam var. Hələ görüləcək işlər çoxdur. Və bu, fəal şəkildə davam etdirilməlidir".

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko:

"Bir il sonra vəziyyət asan deyil. Düşünürəm ki, hazırda Ermənistan rəhbərliyinin yeni strategiyası işləyir. Axı bir il ərzində baş verənlər, ilk növbədə, müharibədən sonra erməni cəmiyyəti Paşinyanın “mahnısının oxunduğunu”, onun dəyişdirilməli olduğunu, məğlubiyyətdən sonra siyasətçi kimi günlərinin sayıldığını söylədi. Amma Ermənistandakı müxalifət nə birləşə, nə də hansısa parlaq lider irəli sürə və Paşinyana qarşı çıxa bilməzdi. Ermənistanın baş naziri sülh gətirəcək, Moskva və Bakı üçün danışıqlar aparacaq bir fiqur olduğu mövzusunda oynamağı bacardı. Hər şəkildə göstərdi ki, “bax, mən hakimiyyətdə qalmasam, müharibəni yenidən başlayacaq bir radikal qüvvə gələcək”. Və o anda Ermənistanda əksəriyyətin müharibəyə ehtiyacı yox idi, nəticədə Paşinyan qalib gəldi və indi danışıqları necə ləngitmək, həm də Qarabağ məsələsinin həlli üçün ona daha sərfəli təminat verəcək tərəfdaşları tapmaq məsələsi ilə üzləşdi. Güclü erməni diasporu olan ABŞ var və Paşinyan qərbli dostlarının ona kömək edəcəyinə ümid edir.

Bu yaxınlarda Fransa ilə birlikdə 2008 -ci ildən bəri böyük ölçüdə ölən ATƏT-in Minsk qrupunun layihəsini canlandırmağa başladı. İndi Paşinyanın arzusu vaxt udmaq üçün bu, Minsk qrupunu canlandırmaqdır.

Açığı, Ermənistan Rusiyanın vassalı deyil və Moskva indi ona birbaşa əmr verə bilməz. Erməni cəmiyyəti millətçilik və intiqam düşüncəsinə qapılıb. Rusiyanın hər hansı bir ehtiyatlı mövqeyindən sonra Moskvanın onlara xəyanət etdiyi, başqa tərəfdaşlar axtarmalı olduqlarına dair bir fəryad gəlir. Paşinyan bundan da istifadə edir, çünki özü də rusiyapərəst siyasətdən uzaqdır və Rusiyanın Ermənistana Ankarada və Bakıda bəzilərinin düşündüyü kimi təsir mexanizmləri yoxdur, buna görə də təzyiqlə bağlı müəyyən problemlər var.

Bu səbəbdən Rusiya gözləməli olduğu bir vəziyyətdədir. Bundan əlavə, Rusiyanın Ermənistanı çox sıxışdırmaması da vacibdir. Çimdikləsəniz, Paşinyan nəhayət, NATO -ya qaçacaq. Rusiya güclü hərəkətə başlayan kimi Paşinyan qışqıracaq ki, bu, rus imperializminin bir formasıdır, bizim Parisimiz var, Vaşinqtonumuz var.

Eyni zamanda, bu ləngitmə uzun müddət davam edərsə, Ermənistanın yerinə yetirməli olduğu aydın şərtlər veriləcək. İkinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət dəyişdi və Azərbaycan artıq çox gözləməyəcək. Vəziyyət, son həll yolunun istədiyi kanala qayıtmasa, Azərbaycan hərəkətə keçəcək. Və Rusiya bunu başa düşür. Rusiya üçün üçtərəfli sazişi yerinə yetirmək vacibdir. Və qalan bütün problemləri həll etməyə çalışacaq. Üstəlik, ondan başqa bölgədəki vəziyyətə təsir etmək istəyənlər çoxdur".

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...