"Prezidentin çıxışı sessiyanın ən parlaq çıxışlarından biridir" - DEPUTAT ŞƏRH ETDİ
"BMT Baş Assembeliyasının 76-cı sessiyasında cənab Prezident İlham Əliyevin çıxışı mən deyərdim ki, sessiyanın ən parlaq çıxışlarından biridir". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, çıxışı zamanı cənab Prezident dünyada və bölgədə gedən hadisələrə öz konseptual münasibətini bildirmiş, öz qiymətini vermiş və gələcək perspektivlər haqqında öz fikirlərini və tövsiyələrini söyləmişdir. Heç şübhəsiz ki, Azərbaycanın və bölgənin ən aktual məsələlərindən biri bölgədə sabitlik, əməkdaşlıq sülh məsələləridir ki, cənab Prezident çıxışı zamanı bu məsələlərin üstündə ətraflı dayanmışdır. Bu haqda fikirlərini Musa Quliyev belə izah edib: "Cənab Prezident öz çıxışı zamanı çox haqlı olaraq söyləmişdi ki, Azərbaycan Ermənistanın 30 ildən çox işğal altında saxladığı ərazilərini işğaldan azad edərək, Ermənistanın işğalçılığına son qoymuşdur. Bununla Azərbaycan yalnız Ermənistanın hərbi sənaye kompleksini dağıtmamış, ümumilikdə Ermənistanda faşizm ideyalarını süquta uğratmaq üçün lazımi tədbirləri görmüş və bütövlükdə erməni faşizmi məhv edilmişdir. Eyni zamanda cənab Prezident çox vacib bir məsələyə toxunmuşdur ki, BMT-nin 30 ilə yaxın qəbul etdiyi 4 konvensiyanın heç biri Ermənistan tərəfindən icra olunmayıb. Azərbaycan BMT tarixində yeganə dövlətdir ki, bu təşkilat tərəfindən qəbul olunmuş qətnamələri özü yerinə yetirib. Bu qətnamələrdə irəli sürülən məsələləri, qarşıya qoyulmuş məsələləri Azərbaycan ordusu, Azərbaycan siyasəti həll etmişdir. Yəni, məsələlər hərbi-siyasi yolla Azərbaycanın özü tərəfindən həll olunmuşdur. Eyni zamanda o məsələ də BMT sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır ki, BMT qətnamələrini həyata keçirmək üçün işlək mexanizmlər qurulmalıdır. Azərbaycanın bu acı təcrübəsinin başqa dövlətlər də yaşamaması üçün bu çox vacibdir. Eyni zamanda cənab Prezident BMT qərarlarına münasibətdə ikili standartların da olduğunu vurğulamış və söyləmişdir ki, BMT-nin elə qərarları var ki, qəbul olunandan iki gün sonra yerinə yetirilir. Elə qərarlar da var ki, məsələn Qarabağ kimi 30 il keçir yerinə yetirilmir. Eyni zamanda cənab Prezident bölgənin gələcək perspektivləri barədə də fikirlərini söyləmişdir. Cənab Prezident söyləmişdir ki, artıq Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ konflikti bitib. Artıq Dağlıq Qarabağ deyə bir məhfum yoxdur.
Həmçinin, cənab Prezident BMT üzvü ölkələrə öz çağırışını etmişdir ki, onların siyasiləri, jurnalistləri öz yazılarında, çıxışlarında Dağlıq Qarabağ ifadəsini işlətməsinlər. Çünki belə bir məhfum Azərbaycan coğrafiyasında yoxdur. Eyni zamanda əməkdaşlıq məsələlərinə toxunaraq cənab Prezident Azərbaycanın digər bölgələri ilə Naxçıvanın quru əlaqələrinin bərpa olunması və Zəngəzur kolidorunun açılması ilə bağlı çox vacib məsələləri də diqqətə çatdırıb. Bütövlükdə regionun inkişafı ilə əlqədar orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı dünya dövlətlərinə onların şirkətlərinə cənab Prezident yenə öz müraciətini bildirmişdir. Yəni onları xəbərdar etmişdir ki, bu əraziyə investisya qoymaq olar, əməkdaşlıq etmək olar. Bu əməkdaşlığın iqtisadi yüksəlişi üçün olduqca böyük potensial var. Bütövlükdə cənab Prezidentin çıxışı mən hesab edirəm ki, BMT-yə üzv dövlətlər tərəfindən, onların siyasiləri tərəfindən, həmçinin biznesmenləri tərəfindən diqqətlə öyrəniləcək və gələcəkdə bölgənin inkişafı üçün önəmli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB