Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır - Prezident

Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. SİA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələri zamanı çıxışında səsləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının “Ümid vasitəsilə müqavimətin gücləndirilməsi – COVID-19-dan sonra bərpa, dayanıqlığın yenidən qurulması, planetin ehtiyaclarının cavablandırılması, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması” mövzusunda ümumi müzakirələri çərçivəsində çıxışında səsləndirib.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər barədə danışan dövlətimizin başçısı deyib: “2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutdu. Təşəbbüslərimizi dəstəkləyən BMT-nin Baş katibi cənab Antonio Quterreşə və bütün dövlətlərə minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. “Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı bildirib ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə