Məsələnin kompleks şəkildə həlli sülh müqaviləsindən keçir - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

Məsələnin kompleks şəkildə həlli sülh müqaviləsindən keçir - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

"Prosesə iki yanaşma vardır və bunun biri Azərbaycanın, digəri isə Ermənistanın yanaşmasıdır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq vurğulayıb ki, Azərbaycanın yanaşması komplekslidir, yəni bütün məsələləri əhatə edir.

“Cənab Prezident də bunu bildirmişdi ki, bu, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda münaqişə idi və Ermənistan işğal etmişdi, Azərbaycan isə işğala məruz qalan dövlət idi. Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ məsələsi artıq bağlanıbdır. Yəni, ortada qalır Azərbaycan-Ermənistan münaqişəsi. Çünki dövlətlər arasında diplomatik münasibətlər yoxdur, sərhədlər demarkasiya, delimitasiya olmayıbdır, sərhədlərdə sərhəd qoşunları deyil, başqa qoşunlar var və rəsmi şəkildə olmasa da, bütün səciyyəvi xüsusiyyətlərlə hər iki dövlət müharibə şəraitindədir. İndi Azərbaycan 44 günlük müharibədən sonra məsələyə kompleksli yanaşır. Azərbaycanın baxışı ondan ibarətdir ki, sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin də əsas şərti münaqişə obyekti olan ərazi bütövlüyü məsələsinin aradan qaldırılmasıdır. Yəni, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıdır. Belə olan halda, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, Ermənistan da Azərbaycanın.

Münaqişədən sonra yeni geosiyasi reallıqlar, hansılar ki, cənab Prezident deyib, bunun onlarla səciyyəvi xüsusiyyətləri vardır. Azərbaycana yeni təzyiq alətləri yaranıbdır və sair. Yeni reallığın əsas amillərindən biri isə ondan ibarətdir ki, necəki, Ermənistanın Azərbaycana ərazi iddiaları varsa, həmçinin Azərbaycanın da Ermənistan ərazisinə iddialı olması artıq konkret bir yerdə hiss olunan məqamlardır. Azərbaycan da bu nöqteyi-nəzərdən öz addmlarını həyata keçirir. Yəni, əgər ermənilər tarixi kontekstlə Qarabağa iddialıdırsa, bizim də həmçinin tarixi əsasımız var. Bu məsələnin kompleks şəkildə həlli lazımdır ki, bu da sülh müqaviləsidir.

Diplomatik münasibətlərin qurulması, bütün məsələlərin qarşılıqlı olaraq siyasi-diplomatik yollarla həlli öhdəliyinin götürülməsi, komunikasiyaların açılması, demarkasiya-delimitasiya komissiyasının yaradılması və bütün bunlar hamısı artıq ikinci, üçünü və dördüncü mərhələnin işləridir. Ermənistanın isə yanaşması məsələləri parçalayır. Yəni, hal-hazırda kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsələləri də gündəmdədir və sülh müqaviləsi də gələcəyin işi kimi dəyərləndirilir. Bir sözlə, əsas ziddiyyətlər oradadır”, deyə Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə