Bu gün dünya ölkələri sosial xidmətlər sahəsində Azərbaycanın yeni brendi olan "ASAN xidmət"in təcrübəsini öyrənir. "ASAN xidmət"in uğurlu layihə olması qısa bir zamanda onun beynəlxalq mükafatlara layiq görülməsi, yüksək qiymətləndirilmsəi ilə nəticələndi. “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilib. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub və Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Bu sırada bir neçə beynəlxalq dərəcəli sertifikatlara layiq görülməsi də qeyd olunmalıdır. Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirlər: "BMT "ASAN"ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir". "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyasının qalibi olub. Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən, qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. Əlbəttə ki, "ASAN xidmət"ə olan maraq gündən-günə artmaqdadır. Vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılan "ASAN xidmət" vətəndaş maraqlarına xidmət edir. Vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişir.
ICESCO-YA ÜZV ÖLKƏLƏR AZƏRBAYCANIN TƏCRÜBƏSİNDƏN İSTİFADƏ ETMƏLİDİRLƏR
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş direktoru xidmətin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, 4-cü sənaye inqilabı dövründə "ağıllı xidmətlərin" tətbiqi böyük əhəmiyyətə malikdir və təşkilata üzv ölkələr Azərbaycanın təcrübəsindən istifadə etməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, "ASAN xidmət"in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi: "İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq".
Bu günün reallıqları deməyə əsas verir ki, "ASAN xidmət"in coğrafi əhatəsi genişlənir və xidmətlərinin sayı artır. Bu, əlbəttə ki, ölkəmizin dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulub. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni bir mərhələ açan Azərbaycan brendi şəffaflığı, operativliyi ilə vətəndaş məmnunluğu yaradıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB