Təhsilin keyfiyyətinin yüksəldilməsi zamanın çağırışıdır ŞƏRH

Təhsilin keyfiyyətinin yüksəldilməsi zamanın çağırışıdır ŞƏRH

Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəb infrastrukturunun inkişafı istiqamətində ölkəmizdə ardıcıl olaraq tədbirlər keçirilir. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən olan yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi ilə bağlı işlər görülüb və davam etdirilir. "Təhsil hər bir dövlətin gələcəyidir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir: "Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır".

Azərbaycan Prezidenti ölkəyə rəhbərlik etdiyi dövr ərizində ölkəmizdə 3200-dən çox məktəb inşa edilib, əsaslı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib. Bu kifayət qədər böyük göstəricidir. Əlbəttə ki, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Həyata keçirilən tədbirlərin davamı olaraq, yeni tədris ilində ölkəmizdə məktəblər istifadəyə verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın iştirakı ilə sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışı olub. Yeni binada istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar mövcuddur. İstedadlı uşaqlar üçün yaradılmış Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir və hər il məzunlarının 100 faizi ali məktəblərə yüksək balla daxil olan liseyin yetirmələri dünyanın bir çox nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər. XXI əsrdə gənc nəslə vacib olan bacarıq və biliyin formalaşdırılmasına töhfəsini verir. Liseydə şagirdlərin həyat boyu öyrənmək və cəmiyyət üçün məhsuldar üzv olması vacib olanlar tədris edilir. Liseyin təlim mühiti yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir.

Liseyin özünəməxsus təhsil modeli var və mühəndis, robot, iclas, incəsənət, elm və kids zonalarına bölünən steam otaqda şagirdlər üçün müasir dövrün tələblərinə uyğun hər cür şərait yaradılıb. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə həyatının bütün sahələrinə olduğu kimi, təhsil sektoruna da göstərdiyi diqqət və qayğı nəticəsində təhsil sahəsində yeniləşmə baş verib. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Ölkə başçısı çıxışlarının birində vurğuladığı kimi, son illər ərzində təhsildə çox mühüm layihələr reallaşdırılıb, bu sahənin tərəqqisinə böyük qayğı göstərilib. Bu, təsadüfi olmayıb.

Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında", "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları təhsilin inkişafı və infrastrukturunun yenilənməsinə yönəlmişdir. Bu gün ölkəmizin hər bir yerində müasir tipli təhsil müəssisələri şagirdlərin ixtiyarına verilib. Yeni açılan məktəblərdə müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var. Bütün bunlar şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli yüksək səviyyədə şərait mövcudluğunun göstərir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə