Allah səvabına layiq olmayanlar...

Ötən gün ABŞ-ın İrəvandakı səfiri Linn Treysi erməni televiziyasına verdiyi müsahibəsində “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi münaqişənin nizamlanmasının əsas prinsiplərindən biri olub və olaraq qalır”-deyə bildirib. Xanım siyasətçi üç ölkə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin ötən il 9-10 noyabr tarixlərində imzaladığı üçtərəfli bəyanatı isə “barışıq” adlandırıb. Əslində elə də layiq olmasan da amma, “əhsən sənə”.

Deyim ki, xanım Treysi bu açıqlaması ilə onda amneziya xəstəliyinin əlamətlərinin olduğuna şübhə yeri qoymur. Çünki həmin xəstəliyin daşıyıcıları olanlarda xəstəliyin başlanmasından sonra hadisələrin yaddaşı pozulur.

…Yadımdadır, tələbə vaxtı hörmətli müəllimlərimdən olan Nurəddin Babayev mühazirələrinin birində, mühazirədən kənar bir fikir səsləndirmişdi. İndiyə qədər yadımdadır. Nurəddin müəllim deyirdi ki, bu gün bəzi rayonlarda (1970-80-ci illər) partiya işində yarıtmayanları, çox vaxt rayon qəzetinə “redaktor” göndərirlər.

…Hə indi nə bilmək olar, bəlkə də Linn Treysi də belələrindəndir. Yəni öz ölkəsindəki yarıtmaz işinə görə, İrəvana sürgün… göndərilib.

Yeri gəlmişkən, burada bir müddət bundan əvvəl Beynəlxalq Münaqişələrin Həll Mərkəzinin saytında dərc olunmuş ATƏT Minsk qrupunun keçmiş ABŞ həmsədri Riçard Hoqlandın məqaləsi yada düşür.

O öz məqaləsində yazırdı ki, Dövlət Departamentindəki işindən təqaüdə çıxanda ABŞ-ın Minsk Qrupunun müvəqqəti həmkarı olaraq onun işə qayıtmasını istəyiblər: “…Düzünü desəm, mənə Minsk qrupunda ABŞ -ın müvəqqəti həmsədri olmaq təklifi gələndə, əvvəlcə bir az tərəddüd etdim. Çünki Dövlət Departamentində belə bir vəzifəni karyera yüksəlişi kimi qiymətləndirilmirdi. Amma buna baxmayaraq, çalışmaq məcburiyyətində qaldım”.

Bundan sonra amerikalı diplomat etiraf edir: deməli, müvəqqəti də olsa yaşadığımız beş ulduzlu otellər, yeməyimiz də “ləbləbi-kişmiş”… Etiraf edim ki, çox vaxt belə komfort həyat bizə nə işlə məşqul olacağımzı belə unutdururdu.

Amma maraqlı da olsa, Riçard Hoqland səfir xanım Linn Treysidən fərqli olaraq bəzi reallıqları sonradan da olsa etiraf edib.

Belə ki, o deyildiyi kimi, sonradan Minsk qrupunun fəaliyyətinin məhdud olduğunu, regional qüvvələrin dəstəyi olmadan münaqişəni həll etmək iqtidarında olmadığını etiraf etmək məcburiyyətində qaldı. Amma arxada qalan 30 ildə nəinki üç həmsədir, həm də onların ətraflnda quyruq bulayanlar müftə yeyib keyf elədilər. Sonda isə yenə də Hoqland “…bu münaqişənin müharibəsiz həll yolu yoxdur” qənaətinə gəldi.

…İndi isə Amerika səfirinin birdən xalqın “öz müqəddəratını təyin etmə haqqını” və ərazinin “statusunu” xatırlatması əslində onun dəqiq deməkdə çətinlik çəksəm də, amma nəyinəsə (?) dəlalaət edir. Görünür, bütün keçən ili Linn Treysi heç bir xəbərin çatmadığı yerlərdə keçirib. Yəqin buna görə də onda amneziya yenidən şiddət eləməyə başlayıb.

...Adamın belələri üçün Allahdan səvab diləməyə də dili gəlmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə