"Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir" - DEPUTAT ŞƏRH ETDİ

"Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir" - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyev idarəetmədə şəffaflığı, yığcamlığı və demokratikliyi başlıca meyar kimi müəyyənləşdirərək bunu nümunəvi fəaliyyəti ilə təsdiqləyir. Prezident bunu qarşı tərəfdən də gözləyir, idarəetmədə çalışan hər bir kadrdan çevik, fəal və təşəbbüskar olmağı tələb edir. Onlar qarşısında iş metodlarını, prinsiplərini dəyişməyi əsas tələb kimi qoyur. Bu siyasətə uyğun olaraq hüquqi, instisional demokratik qanunlar qəbul edir. Demokratik və sivil idarəetməni təmin edən proqramlar, mühüm sənədlər imzalanır”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, cənab Prezident dəfələrlə bəyan edib ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür, burada məmur-vətəndaş münasibətləri xüsusi yer tutur: "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, özünü təvazökar aparmalıdır. Yeni icra başçılarını qəbul edərkən də dövlət başçısı onlar qarşısında konkret olaraq bu tələbləri qoydu. “Bütün məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir. Prezident İlham Əliyevin məmurlarla bağlı söylədiyi irad və tövsiyələr ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və buna böyük dəyər verilir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir: "Prezident iqtisadiyyatın lokomotivinə çevrilən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verməklə rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsində güclü qətiyyət sahibi olduğunu nümayiş etdirib. Məhz Onun bu qətiyyəti sayəsində sahibkarlıq inkişaf edib, xarici və yerli investisiya qoyuluşları artıb. Son illərdə yeni islahatlar dalğası əlverişli biznes və investisiya mühitinin yaxşılaşmasına, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına və regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinə çevrilməsinə səbəb olub. Ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması xarici sərmayəçilərin sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə yürüdülən siyasətin nəticəsidir ki, Azərbaycana sərmayə qoyuluşlarının həcmi artıb, yerli sahibkarların ixrac potensialı güclənib.

Prezident tərəfindən yeni iqtisadi-sosial şəraitə uyğun olaraq Elektron hökumətdən Rəqəmsal hökumətə keçidin təmin edilməsi, Açıq hökumət quruculuğunun genişləndirilməsi və yeni dövrün tələblərinə uyğun dövlət aparatının yeniləşməsi yeni inkişaf strategiyasının əsas prioritetləri kimi müəyyən edilib. Bu istiqamətdə son illərdə həyata keçirilən dərin hüquqi və institusional islahatlar, eyni zamanda, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı strateji hədəflər öz mühüm bəhrəsini verməkdədir. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının təmin edilməsi məqsədilə davamlı addımlar atılmaqdadır. Bu sahədə görülən işlər iqtisadi və sosial sahədə inkişaf meyillərinin sürətlənməsinə, islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və onların sosial rifahının yüksəlməsinə, azad rəqabət mühitinin möhkəmlənməsinə, iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub. Təkcə iqtisadi sahədə, xüsusilə də vergi-gömrük sahəsində kölgə iqtisadiyyatının təsirlərinin azaldılması və şəffaflığın təmin edilməsi sayəsində hər il vergi daxilolamaları artır. Məsələn, 2021-ci ilin ötən 7 ayında vergi orqanları 1 milyard manat, gömrük orqanları isə 287 milyon manat artıq vəsait ödəyib. Bütün bunlar korrupsiyaya qarşı tədbirlərin, iqtisadi idaretmənin təkmilləşdirilməsinin və şəffaflığın sayəsində mümkün olur".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə