“Hraparak”ın feykləri: Ermənistanın illüziyalar dünyası fonunda ANALİTİK+AKTUAL

Erməni qəzetinin irəli sürdüyü sərsəm iddialarının ifşası - reallıqlar fonunda

Ermənistanın uzun illərdir, xüsusilə 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətindən sonra yenidən xəstə təfəkkürünə sığınıb-illüziyalara qapılması, hətta bir az da irəliyə gedərək özünü az qala “məğlubedilməz” kimi nümayiş etdirməsi bu ölkədəki siyasilərin, eləcə də KİV-lərin burunlarından o tərəfə görə bilmədikləri faktını ortaya qoymaqdadır. Elə götürək “Hraparak” adlı nəşrin guya Moskvada Azərbaycan və Ermənistan gizli qrupunun (?!) sülh razılaşması fonunda ortaq məxrəcə gəlmələri, həmçinin, DİQQƏT (!) “Ermənistan tərəfinin razı şəkildə sözügedən “görüşdən” ayrılması” barədə yazdığı cəfəngiyyatları.

Bəs “Hraparak” öz təbirincə hansı “razılaşmaları” ictimai rəyə sırımağa çalışıb? Çünki erməni nəşrinin yazdıqları iddialarına nəzər saldığımız zaman onun məhz kapitulyasiyaya uğramış tərəf üçün hazırlanması görüntüsü yaranır. Daha dəqiq desək, sən demə, Ermənistan deyil, Azərbaycan bu “şərtlərə” razı olub və s. Təbii ki, belə gülünc və primitiv iddiaları yalnız və yalnız erməni tərəfindən gözləmək olar. Ona görə də keçək “Hraparak”ın iddialarına və həmin iddiaların yalanlarını ifşa edək.

Beləliklə, erməni ilk olaraq nəşri iddia edir: “Sovet İttifaqı xəritəsi çərçivəsində “artsax”ın statusu fiksasiya olunmadan demarkasiya və delimitasiya prosesinə başlanılması istiqamətində razılıq əldə edilib”

İfşa № 1: Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımasa, hər hansı razılaşmalardan söhbət belə gedə bilməz. Bu, birmənalıdır və Bakı qalib tərəfin hüququndan istifadə etməklə İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasında irəli sürdüyü tələbini qətiyyətlə davam etdirəcək. Ermənistan Azərbaycanın tələbinə cavab verməzsə, İrəvan Bakı ilə hər hansı bir razılaşma barədə xəyal belə edə bilməz.

“Hraparak” növbəti feyk məlumatında yazır: “Rusiya tərəfinin Qarabağdakı mövcudluğunun 5 ildən artıq və qeyri-müəyyən vaxtda uzadılmasına nail olunub”.

İfşa № 2: Əlbəttə ki, bu da yalandır! Rusiya sülhməramlıları kontingentinin (RSK) Qarabağdakı mövcudluqlarının müddəti üçtərəfli bəyanatda qeydə alınıb və onu dəyilşmək olmaz. Yeni razılaşma olarsa, bu zaman hüquqi statusu tənzimləmək mümkündür – əgər özünü dürüst apararsa, RSK-nin mandatını. Və bu məsələ də yalnız iki ölkə arasında müzakirə edilə bilər – Moskva və Bakı formatında. Hər iki ölkənin liderləri necə qərara gələcəklərsə, sonrakı proseslər də ona uyğun olaraq həll ediləcək. Ermənistan isə kapitulyant olaraq heç bir şərtlər və s. irəli sürmək iqtidarında, hüququnda deyil.

Adıçəkilən erməni nəşri xam xəyallara dalmaqda davam edir və yazır: “Tərəflər tranzit yol barədə razılığa gəliblər və həmin yolu Rusiya Federal Təhlükəsizlik Xidməti ilə yanaşı erməni sərhədçiləri nəzarətə götürəcəklər, sərhəd məntəqələri yaradılacaq, azərbaycanlılar isə o yoldan istifadə edərkən illik 150 milyon dollar (???!!!) ödəyəcəklər”

İfşa № 3: Yenidən üçtərəfli bəyanata qayıdırıq və xatırladırıq ki, artıq onun dəyişdirilməsi mümkün deyil.

Birincisi, sənəddə ermənilərin iddia etdikləri kimi “dəhliz” ifadəsi yoxdursa, “erməni sərhəd postları”, yaxud “nəzarət məntəqələri” ifadəsi də mövcud deyil. Bundan əlavə, əgər bəyanatda kommunikasiyaların açılması bəndi varsa, Azərbaycan nəyə görə pul ödəməlidir?

Digər yandan, elə fərz edək ki, erməni qəzeti guya düzünü yazır, yəni fantaziyamızı işə salaq: əgər belədirsə, onda Ermənistan Rusiyaya getmək üçün Azərbaycan üzərindəki tranzit yoldan istifadə edəcəksə, İrəvan Bakıya nə qədər pul ödəyəcək? Yaxud, Rusiya Ermənistana görə Azərbaycana tranzithaqqımı ödəyəcək? Sual açıq qalır...

Yəni fakt budur ki, “Hraparak” nəşrinin iddiaları xəstə erməni təfəkkürünün zay məhsuludur. Yaxşı olardı ki, erməni qəzeti Allahına şükür etsin ki, Azərbaycan Laçın dəhlizinə görə ondan tranzit haqqı almaq tələbini irəli sürmür.

Gorus-Qafan yolunun Azərbaycan hissəsini də xatırlayarsaq, “Hraparak”, əslində, bu məsələ ətrafında baş sındırmalı, üçüncü ölkələrdən gələn avtomobillərin Azərbaycanın icazəsi olmadan Qarabağ daxil ola bilməmələrinin səbəblərini araşdırmalıdır.

Sonda isə daha bir xatırlatmanı da etmək olar. Bu, həmin qəzetdir ki, bir vaxtlar Qaragöl ətrafında toplaşan ordumuza qarşı Rusiyanın hərbi əməliyyatlara başlayacağını yazırdı. Üstəlik, Bakıda 600 erməni əsirinin saxlanıldığını iddia edirdi və s. Amma sonradan məlum oldu ki, bütün bunlar, sadəcə, yalandır, özü də ağappaq, həyasız bir yalan, məhz indiki iddiaları kimi...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...