“Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Zəngəzur dəhlizi”nin açılması ilə bağlı razılaşmalar Moskva müqaviləsində öz əksini tapıb. Bu bir ilə yaxın müddətdə erməni tərəfi həmin razılaşmaların yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atıb, Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazisindən işğalçı qoşunlarını çıxarıb. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib. Lakin nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı hər hansı addımlar atılmayıb”.

Onun sözlərinə görə, Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Paşinyanın Azərbaycan Prezidenti ilə təkbətək görüşə hazır olması ilə bağlı bəyanatı dəhlizin açıla biləcəyi ilə bağlı Ermənistan tərəfinin mövqeyindən irəli gəlmir: “Ermənistan hakimiyyətinin əsas məqsədi məlum qrupun dəstəyi və iştirakı şəraitində danışıqların bərpa olunmasına getməklə Qarabağın statusu ilə bağlı müzakirələri gündəmdə saxlamaq, onun həllinə nail olmaq istəyindən irəli gəlir. 44 günlük savaşdan sonra Minsk Qrupunda təmsil olunmuş dövlətlərin həmsədr və qeyri diplomatlarının verdiyi açıqlamalar da bu mənada erməni hakimiyyətini ruhlandırır, onda müəyyən ümidlərin yenidən oyanmasına stimul yaradıb. Lakin həmsədrlərin danışıqların bərpa olunmasında niyyət və istəkləri fərqlidir. Belə ki, ABŞ və Fransa Rusiya sülhməramlılarının münaqişə zonasına onlarla məsləhətləşmələr aparılmadan yerləşdirilməsindən narazıdırlar, ona görə də vəziyyəti öz xeyirlərinə dəyişmək, nə qədər ki, Paşinyan iqtidardadır Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq və bölgədə Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq istəyirlər”.

E.Manafov bildirib ki, Rusiya erməni cəmiyyətində anti-Rusiya ovqatlı əhval-ruhiyyənin daha da dərinləşməsində maraqlı deyil və buna görə də Paşinyana etimad etməsə də onunla işləmək məcburiyyətindədir: “Belə şəraitdə həmsədrlər arasında bölgənin mövcud geosiyasi reallıqlarına münasibətdə fərqli baxış və mövqelər müəyyən mənada bizim xeyrimizədir və biz bundan istifadə etməyə borcluyuq. Həmsədrlər bir məsələdə yekdirdilər: Qarabağın statusu ətrafında danışıqların davam etdirilməsində, bizim isə mövqeyimiz bəllidir, Qarabağdakı erməni icmasına hər hansı statusun verilməsindən söhbət belə gedə bilməz. Bu şərtlər daxilində isə sağlam məntiqlə ATƏT-in Minsk Qrupunun əvvəlki kimi fəaliyyətinə heç bir ciddi ehtiyac yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə