Rusiyalı deputatlar: Qərb dövlətləri Qarabağın statusu məsələsini qabardırlar - ŞƏRH

“Moskvanın əsas prioriteti işğal edilmiş ərazilərin geri qaytarılmasına və bölgədə sülhə nail olmaq idi”

Tezliklə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ nizamlanmasına dair üçtərəfli sazişi imzalamalarının bir il tamam olacaq. Müqavilənin gələcək region üçün kritik olan bəzi vacib məqamları yerinə yetirildi, lakin bir çox müddəaların yerinə yetirilməsində Ermənistan tərəfi şərtlər qoymağa çalışdığı üçün problem yaranır. Bu məsələlərlə bağlı "Moskva-Bakı" portalına danışan Rusiya Dövlət Dumasının deputatları həll edilməsi vacib olan məsələlərə toxunub, razılaşmanın həyata keçirilməsinin Rusiya üçün necə prioritet və strateji əhəmiyyətli olaraq qalmasını vurğulayıblar. Rus deputatların şərhlərini oxucularımıza təqdim edirik.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dövlət Tikinti və Qanunvericilik Komitəsinin sədr müavini Mixail Yemelyanov:

- Üçtərəfli müqavilənin imzalanması, qan tökülməsinin dayandırılması bütün münaqişə tərəflərinə sərf etdi. Biz Rusiyada, Qafqazda sülh, Zaqafqaziyanın bütün dövlətləri arasında sabit münasibətlər və münaqişələrin ədalətli həllində maraqlıyıq. Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatı tərəflərin imzalanmasından təxminən bir il sonra həyata keçirilməsi Rusiya üçün prioritet strateji vəzifələrdən biri olaraq qalmaqda davam edir. Xatırladım ki, Sovet İttifaqının dağılması məhz Qarabağ hadisələri ilə başladı. Bu hadisələrdən Rusiyaya da çox böyük zərər dəydi. Müqavilə qüsursuz yerinə yetirilməsə, bu, Rusiyaya zərbə vurmaq üçün daha bir təkan olacaq.

Qərb dövlətləri Qarabağın statusu məsələsini irəli sürməyə çalışırlar. Bu başa düşüləndir, çünki hazırda bölgədə vəziyyət sabitləşib. Və Qərbin Qafqazda sabitliyə ehtiyacı yoxdur. Qafqaz alovlanırsa, çirkli sularda balıq tutmaq mümkün olacaq. Sergey Lavrov Qarabağın statusu ilə bağlı Rusiyanın maraqlarına cavab verən çox müdrik bir mövqe səsləndirdi- əvvəlcə imzalanmış müqavilələri yerinə yetirməli, sonra bütün digər məsələləri həll etməli. Və kənarda kimsə işimizə nə qədər az qarışarsa, bölgədə daha sabit və qarşılıqlı faydalı əməkdaşlıq olacaq. Odur ki, Qarabağın statusu məsələsində təbii ki, Rusiya Prezidentinin və Rusiya Federasiyasının xarici işlər nazirinin bu məsələyə daha sonra baxılması ilə bağlı bəyanatlarına əsaslanmağa dəyər. Ondan uzaq olan ölkələrin Qafqaz bölgəsinin işlərinə müdaxilə etmək tamamilə Cənubi Qafqaz dövlətlərinin xalqlarının maraqlarına uyğun deyil. Qərb bölgədə öz məqsədlərini güdür, bu məqsəd Rusiyanı zəiflətməkdir. Buna görə də, Qarabağa status məsələsini təşviq edir.

Üçtərəfli bəyanata uyğun olaraq nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması məsələsinə gəlincə, vaxtaşırı olaraq Ermənistan ərazisində dəhliz olmayacağını bəyan edən İrəvanın motivlərini mühakimə etmək mənim üçün çətindir, amma bu hamıya aydındır ki, nəqliyyat marşrutlarının açılması bir dövlət olaraq Ermənistan üçün faydalıdır. Üstəlik, Türkiyə də sülhə doğru addımlar atır. Kilidi açmaq bölgədəki bütün dövlətlər üçün faydalıdır. Ermənistan üçün də.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, İqtisadi Siyasət, Sənaye, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsi sədrinin 1-ci müavini Sergey Kalaşnikov:

- Rusiya üçün Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatın yerinə yetirilməsinin vacibliyinin iki tərəfi var. Birincisi, Qafqazda, o cümlədən Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllində böyük rol oynayan bir ölkə kimi Rusiyanın siyasi nüfuzunun qorunmasıdır. Bu, həqiqətən də Qafqazda rəqabət epizodu olan çox vacib bir məqamdır. İkinci Qarabağ müharibəsi zamanı Rusiya çox konstruktiv və ədalətli davrandı. Başqa bir çox güclü cəhət var- iqtisadi. Məsələ burasındadır ki, Qarabağ dəhlizi ilə təmin oluna biləcək Rusiya ilə İran, Rusiya və Türkiyə arasında birbaşa quru əlaqəsi nizamlanmanın vacib perspektivli nəticəsidir. Və Rusiyanın geosiyasi və geoiqtisadi mövqeyi ilə əlaqədar çox əhəmiyyətli bir məqam. Həm Türkiyə, həm də İran Moskva üçün çox vacib tərəfdaşlardır və buna uyğun olaraq, Qarabağ nizamlanması nəticəsində bölgədə nəqliyyat dəhlizini təmin etmək vacibdir. Sual ondan ibarətdir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasından bir ilə yaxın vaxt keçir, amma hələ də dəhliz yoxdur. Erməni tərəfi həm nəqliyyat dəhlizində, həm də mina sahələrinin qalan xəritələrinin köçürülməsi məsələsində konstruktiv qarşılıqlı fəaliyyətə razı deyil. Dəhlizin təmin edilməsi sülh müqaviləsinin şərtlərindən biridir, sülhün gəldiyi şərtlərdən biri idi. Axı Azərbaycan hərbi əməliyyatlarda daha da irəli gedə bilərdi.

Qarabağın statusu məsələsinə gəlincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun son vaxtlar səsləndirdiyi ağlabatan mövqeyi ilə razıyam ki, razılaşmalar varsa, o şərtlərə əməl etmədən daha da irəli getmək mümkün deyil. Əvvəlcə sülhün şərtləri olan artıq mövcud olan razılaşmaları həyata keçirək və sonra addım-addım İrəvanla Bakı arasında əlaqələr quracağıq.

Fakt budur ki, qarşılıqlı nifrət, qarşılıqlı iddialar hər iki tərəfdə də çox böyükdür. Ermənistanın Azərbaycana hələ də insanların öldüyü mina sahələrinin xəritələrini vermək istəməməsi də insani hərəkət deyil. Bu halda, Ermənistan hakimiyyətinin davranışına heç bir şəkildə haqq qazandıra bilmərəm, baxmayaraq ki, bu cür hərəkətlərin daxili siyasi vəziyyətə və ermənilərin müharibədə məğlubiyyətlə əlaqədar yaşadıqları ağrıya bağlı olduğunu başa düşürəm.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Yezubov:

- Əlbəttə ki, üçtərəfli bəyanatın qeyd-şərtsiz və qüsursuz şəkildə həyata keçirilməsi Rusiya üçün vacibdir. Amma mənim fikrimcə, münaqişə tərəflərinin özləri üçün daha vacibdir – yəni, Azərbaycan və Ermənistan üçün. Hər halda neçə onilliklər boyu davam edən münaqişə üçün indi vəziyyətdən bir çıxış yolu göstərildi, baxmayaraq ki, bunu daha erkən həll etmək olardı. Rusiya məsələni daha əvvəl öz əlinə almalı idi. Müqavilənin həyata keçirilməsindəki irəliləyiş respublikaların özlərinin rəhbərliyindən asılı olacaq. Sona çatmaq üçün güc və cəsarət tapacaqlar və nəhayət razılaşacaqlar, ya yox- bu, onlardan asılıdır.

Rusiya prosesin moderatoru kimi çıxış edir, təkliflər verir, münaqişə tərəflərini təşviq edir, deyir oturaq, danışıqlar aparaq. Cənubi Qafqazda sülh və əmin-amanlığın olması Rusiyanın maraqlarına uyğundur.

Buradakı proseslərə təsir etməkdə maraqlı olan bir çox insanın bölgədə olduğu aydındır. Rusiya dünyanın bir nöqtəsində müvəffəqiyyətli olarsa, Qərb həmişə narazıdır. Qarabağla bağlı heç nə əldə etməsəydik, heç bir qərara gəlməzdik, bunun yaxşı olduğunu düşünərdilər, amma Rusiyanın heç bir şey etmədiyini hər şəkildə göstərərdilər. Qərb ölkələrindən başqa, bölgəyə təsir etməkdə maraqlı olan başqa dövlətlər də var, amma tarazlığı qoruduğu üçün üstünlük yenə də Moskvanın tərəfində olacaq və bu, sülhün təminatıdır.

Bəyanatın həyata keçirilməsinin asan olmadığını görürük. Ermənistanda baş nazirin hərəkətlərindən, bu bəyanatı imzalamasından narazı qalanlar çoxdur. Ancaq düşünürəm ki, üçtərəfli bəyanat, o cümlədən Ermənistan tərəfindən nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı məqamlarda yerinə yetiriləcəkdir. Ermənistan imzalanmış müqaviləni yerinə yetirməməyə çalışsa pis vəziyyətə düşəcək. Sadəcə siyasi simasını itirəcək, müqavilənin yerinə yetirilməməsi Ermənistanın qabiliyyətsiz bir dövlət, razılaşmaları yerinə yetirməyə qadir olmayan bir dövlət olması, əməkdaşlıq etməyin mümkün olmadığı bir dövlət olacaq.

Bundan əlavə, hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülhün bağlanması üçün heç bir şərt qoymaq mümkün deyil. Təbii ki, Qarabağın statusu haqqında danışmazdan əvvəl azərbaycanlılarla ermənilər arasında dinc bir həyatın qurulması zəruridir. Axı əvvəllər birlikdə yaşayırdılar. Bəli, qarşıdurmalar var idi, amma dözdülər və yaşamağa davam etdilər. Öz müqəddəratını təyin etmə ifadəsi olmamalıdır. Sonra nə vaxt birlikdə yaşayacaqlarına özləri qərar verəcəklər. Həm Azərbaycandan, həm də Ermənistandan olan insanlar artıq bu münaqişədən bezmişlər. Düşünürəm ki, onlar, əvvəllər yaşadıqları kimi, qardaşcasına bir yerdə, sülh içində yaşamağa hazırdırlar. Sadəcə, bəzi elementlər vaxtında təhriklə məşğul olmağa başladılar. Beləcə, ilk qan tökülənə qədər çalışdılar.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Təhsil Komitəsinin üzvü Hacimet Səfəraliyev:

- Müharibə fonunda Rusiyanın əsas prioriteti Azərbaycanın əvvəllər işğal edilmiş ərazilərinin geri qaytarılmasına nail olması idi. İndi çox şey respublikaların rəhbərliyindən, bu ölkələrdəki siyasi vəziyyətdən, onlarda sabitlikdən asılıdır. Azərbaycanda sabitliyi görürüksə, Ermənistanda təlatüm dövrüdür. Buna görə də, uyğunsuz siqnallar orada səslənir. Azərbaycanda isə yalnız bir siqnal var: "Uşaqlar, gəlin sülh və dostluq şəraitində yaşayaq". Ermənistanda Azərbaycanla sülh məsələsini kökündən həll etməyə imkan verməyən siyasi məqamlar var. Odur ki, bu vəziyyətdə Azərbaycanın mövqeyinin daha konkret, başa düşülən və ən real olduğu aydındır.

Ermənistanın üçtərəfli sazişin bütün bəndlərini yerinə yetirməsinin nə dərəcədə real olduğunu söyləmək çətindir. Siyasətin işlədiyi yer budur. Çox şey ölkədəki daxili siyasi vəziyyətdən asılı olacaq. Prezident İlham Əliyevin başçılıq etdiyi, sülh ideyasını, sülh müqaviləsini təbliğ edən daha sabit Azərbaycan Rusiyanın razılaşdığı mövqedədir. Eyni zamanda, respublikadakı mövcud vəziyyətə görə Ermənistanın Baş naziri bütün qüvvələri sevindirmək üçün müxtəlif istiqamətlərdə işləmək məcburiyyətindədir. Bundan əlavə, onun Qərb strukturları ilə qarşılıqlı əlaqədə olduğunu da unutmamaq lazımdır.

Həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan qalan bütün problemləri Ermənistan-Azərbaycan istiqamətində həll etmək üçün səy göstərməlidir. Və bu problemləri həll etmək üçün qeyri-regional oyunçuları cəlb etməyə ehtiyac yoxdur, çünki onlar gəlib-getdilər, amma ruslar, azərbaycanlılar və ermənilər həm yaxınlıqda yaşadılar, həm də yaşamağa davam edəcəklər, bir-birlərindən uzağa getməyəcəklər. Rusiyanın vasitəçi rolu qlobaldır, həlledicidir və Azərbaycanla Ermənistan arasındakı bütün məsələlərin son həllinə töhfə verməlidir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə