"Qrantyeyən rusofobları qrantyeyən millətçilər əvəz edəcək" ERMƏNİ ALİMİN ETİRAFLARI

Söhbət artıq Qarabağdan yox, bütün ermənilərin xilasından və ermənilərə məxsus olanın qorunmasından gedir. SİA xəbər verir ki, bu sözləri iqtisadçı alim Arutyun Mesropyan sentyabrın 15 -də jurnalistlərlə görüşündə söyləyib.

İqtisadçıya görə, Ermənistanın başına gələn fəlakət çoxdan planlaşdırılmışdı. Mesropyan hesab edir ki, mövcud vəziyyətdən və mənəvi tənəzzüldən çıxmaq üçün sərtlik göstərmək lazımdır.

“Ukraynada inqilabdan sonra millətçilər hakimiyyətə gəldi. Az qala onlar ölkəni məhv edəcəkdilər. Bundan sonra onları liberal adlandırılanlar əvəz etdilər. Ermənistanda isə hər şey fərqlidir. Bizim üçün fərqli bir ssenari hazırlanmışdır. Xalqına, ölkəsinə, milli dəyərlərinə və adət-ənənələrinə əhəmiyyət verməyən insanlar hakimiyyətə gəldilər. Onlar qrant hesabına yaşayırlar. Bunlar müstəsna rusofoblardır. Onların yerini başqa qrant yeyənlər - millətçilər tutacaq”, deyə iqtisadçı qeyd edib.

O, eyni zamanda xatırladıb ki, Ermənistanda bu cür təzahürlər dünən yaranmayıb. Mesropyana görə, qrant yemək hər üç prezidentin dövründə olub və onlar qalan bütün məsələlərə dırnaqarası baxıblar, saymaz yanaşıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə