"Türkiyənin təcrübəsindən yetərincə yararlanmağımız onu göstərir ki..." - POLİTOLOQ AÇIQLADI

"Biz Azərbaycan tarixinə baxdıqda görə bilərik ki, Azərbaycan Ordusunun Baş Qərargah səviyyəsində ilk dəfədir ki, qardaş ölkə Türkiyəyə səfəri baş tutdu. Bu səfər olduqca tarixi, siyasi və hərbi əhəmiyyətə malikdir. Ona görə ki, bu səfər məhz İkinci Qarabağ müharibəsindən sonra baş tutdu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu səfər Türkiyənin Azərbaycana istər ordu quruculuğu sahəsində, istərsə də digər sahələrdə böyük dəstəyi olduğu bir zamanda baş tutdu: "Digər tərəfdən isə regionda baş verən proseslərin qaynar bir dövründə baş tutdu. Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyevin Türkiyəyə səfəri onu göstərdi ki, deməli artıq Azərbaycan ilə Türkiyə arasında hərbi səviyyədə ən yüksək mərhələdədir. Bundan əlavə müəyyən zamanlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənovun da Türkiyəyə bir sıra səfərləri oldu. Bu gün Türkiyə Silahlı Qüvvələrinin istər şəxsi heyət baxımından, istərsə də silah-sursat baxımından Azərbaycan Ordusu ilə birgə hərəkəti və Türkiyənin təcrübəsindən yetərincə yararlanmağımız onu göstərir ki, qardaş ölkə Türkiyə ilə hərbi əlaqələrimiz bundan sonra da sürətlə inkişaf edəcəkdir.

Təsadüfi deyil ki, bir neçə gün öncə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana 4 general təyin etməsi onu göstərdi ki, Azərbaycan Türkiyə üçün olduqca əhəmiyyətə malik bir ölkədir. Bu da bu gün Baş Qərargah rəisi cənab Kərim Vəliyevin Türkiyəyə səfəri bu prosesin məntiqi ardıcıllığıdır. Regionda baş verən proseslərdə xüsusilə də rus "sülhməramlıları"nın Azərbaycanın Qarabağ bölgəsində atdığı təxribatçı addımlar, eyni zamanda erməni silahlı terrorçu qruplaşmalara verdiyi dəstək və bunun nəticəsində də Qarabağda yaratmaq istədiyi provakasiyaların fonunda biz bu səfərləri olduqca əhəmiyyətli hesab edirik. Düşünürəm ki, bu kimi səfərlər, atılan addımlar ölkələr arasında siyasi, iqtisadi, mədəni sahələrdə olduğu kimi hərbi səhədə əlaqələri həm genişləndirəcək, həm də dərinləşdirəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə