Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı tarixə həkk olunub - TƏHLİL
Paytaxt Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş – 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim bu gün dünya mətbuatında öz əksinin tapıb. Sentyabrın 12-dən 20-dək Bakıda ilk dəfə olaraq keçirilən "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi ərəbdilli KİV-lər tərəfindən geniş işıqlandırılıb."Arabnews" və "Daily Sabah" qəzetləri birgə təlim haqqında ingilis və ərəb dillərində materiallar dərc ediblər. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən qeyd olunub ki, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
Bu gün artıq Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır.44 günlük Vətən müharibəsi dövründə Azərbaycana dost ölkələr onun haqq səsinə səs verdi. Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu. Hər zaman qardaş, dost ölkə olan Türkiyə 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu, dostluq, birlik nümayiş etdirdi. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir.Pakistan da öz qardaş münasibətini əməli ilə ifadə etdi. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərindən Pakistanın ali rəhbərliyinin ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdiklərini bildirmişdir: "Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər".
Qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə ilə birlikdə Pakistanın Azərbaycanın yanında olması Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad olunan ərazilərdə bütün şəhər və ölkə boyu Azərbaycanla yanaşı, Türkiyə və Pakistan bayraqlarının olması təəccüblü deyil."Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacaq və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir. Bu təlim ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsində müstəsna rol oynayacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB