İşğaldan azad olunan torpaqlarımız insanların ziyarətgahına çevrilib ŞƏRH

İşğaldan azad olunan torpaqlarımız insanların ziyarətgahına çevrilib ŞƏRH

30 ilə yaxın zaman məsafəsindən sonra işğaldan azad olunan torpaqlarımız bu gün onun həsrətində yaşayan insanlar üçün ziyarətgaha çevrilib. Bu məkanlara səfər edən insanlar cənnətməkan kimi tanınan ərazilərimizin xarabazarlıqlara çevrildiyini görmüş olurlar. Əlbəttə, niyyət əmələ çevrilir. Cəhənnəm qoxuyan əməllərin izləri müqəddəs torpaqlarımızda rast olunsa da, Böyük Qayıdış qısa bir zamanda bu ərazilərin Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcəyinə böyük əminlik yaradır. Təbii ki, tutduğu vəzifədən sənət və peşəsindən asılı olmayaraq, bura üz tutan insanlar üçün nə qədər böyük və müqəddəs hiss olsa da, erməni vandallığı, təcavüzü təəssüf və nifrət hissi oyadır. Çirkin niyyət, çirkin əməl, səpilən erməni toxumları hətta qəbiristanlıqların belə dağıdılmasına səbəb olmuşdur. Bu əlbəttə ki, insanlığa sığmayan əməllərdir.

Azərbaycan vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən bura üz tutan insanlar heyrət dolu baxışlarını gizlədə bilmirlər. Azərbaycana dost, qardaş olan dövlətlərin nümayəndələrinin işğaldan azad olunan torpaqlarımıza səfəri onları riqqətə gətirir. Hətta 44 günlük Vətən müharibəsi dövründə müharibə gedən ərazilərimizə xarici ölkələri təmsil edən KİV nümayəndələrinin ezam olunması zamanı da erməni vəhşiliyinin müharibə getməyən əraziləri də bombardman etməsi, mülki insanları atəşə tutması onların gözü önündə baş vermişdir. Ermənilərin bu çirkin əməlləri dünya mediasında geniş şəkildə işıqlandırılmışdır.

YAŞADIĞIMIZ HƏYAT GERÇƏKLİKLƏRİ ZAMAN-ZAMAN OXUNACAQ ƏSƏRLƏRİN ƏSAS İDEYASI OLACAQ

Bu gün yaşadığımız həyat gerçəkliklərinin hər biri tarixdir. Bir yazının, oçerkin. hekayənin, povestin, romanın mövzusudur. Zaman-zaman oxunacaq əsərlərin əsas ideyasına çevrilcək həyat gerçəklikləridir. Ədəbiyyat həyatın güzgüsüdür. Tarix nə qədər saxtalaşdırılsa da, ədəbiyyata köçəcək hadisələr zamanın daş yaddaşına hopur və nəsillər üçün bir tapıntıya çevrilir. İctimai-siyasi hadisələrin gedişi zaman çərçivəsində həllini tapmış olur. Bu günlərdə Türkiyənin tanınmış yazarı Coşkun Karabulutun rəhbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün "Könül yolçuluğu" platforması ilə Azərbaycana səfər ediblər. Səfər çərçivəsində Gəncə şəhərində olan qələm sahibləri müharibə dövründə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olublar. Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri Bərdə və Tərtər şəhərlərini də "Smerç" raketindən atəşə tutmuş, bu da mülki vətəndaşların həlak olması, xeyli sayda insanın yaralanması ilə nəticələnmişdir. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin gözü qarşısında baş verdi. Əlbəttə ki, infrastukura da ziyan dəymişdir. Bütün bu və ya digər əməllər işğalçı Ermənistanın silahlı qüvvələrinin 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməllərdir.

Yazıçı Seval Beyazgül tarixi bir müharibədə Gəncə xalqının çəkdiyi əzab və acıları gözümüzlə gördük, - deyə bildirərək, erməni vandalizminin və cinayətinin canlı şahidi olduqlarını dilə gətirib. Qeyd edib ki, burada baş verənləri, gördüklərimizi bütün dünya mediasında yayımlayacağıq.Türkiyənin Kütahya şəhərindən olan yazıçı, şair İsmayıl Başpınarı isə gördükləri dəhşətə gətirib. "Könlümüzün yandığı, ağrılarımızın baş qaldırdığı yerdəyik", - deyən qələm sahibi bildirib ki, burada şəhid olan azyaşlı uşaqları görəndə ürəyim yandı: "Biz Türkiyə dövləti və milləti olaraq hər zaman sizin yanınızdayıq. Şəhidlərimizi dərin hörmətlə anırıq".

Əlbəttə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Buna qədər də Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına hər zaman etirazını bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi fəallıq göstərmişdir. Bu, qardaş ölkənin sarsılmaz dostluğuna söykənir. Əlbəttə ki. bu və ya digər səfərlər Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılmasında önəmli rola malikdir.Vurğulamaq yerinə düşər ki, ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərinə səfər etmələri də diqqəti çəkir. Şuşada qonaqlar Qala divarları, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi ilə tanış olub, Bülbülün ev muzeyinə, Xalça muzeyinə baş çəkib, Cıdır düzündə və İsa bulağında olublar. Bildiyimiz kimi, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra bu abidələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətləri altında bərpa edilib.

Qazaxıstan parlament nümayəndə heyətinin üzvləri Füzuli şəhərinə gələrək, burada yeni istifadəyə verilmiş Füzuli Hava Limanında da olublar

Azərbaycan bu gün ərazilərimizdə dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edir. Dünya erməni vandalizmini və barbarlığını, erməni faşist ideologiyasını gözləri ilə görür. Azərbaycanın uğurları, qalibiyyəti, işğaldan azad olunan ərazilərimizdə yerləşən abidələrin ermənilər tərəfindən dağıdılması, təbii ehtiyatların talanması və s. dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırıldı və bu gün də davam etdirilir.Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə planlı şəkildə başlanılıb. Azad olunmuş ərazilərimizi minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesi də davam edir. Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edənlər yaxın zamanlarda əlbəttə ki, bu ərazilərdə aparılan abadlıq və quruculuq işlərinə heyrətlənəcək, bu dünya mətubatının əsas xəbərlərinə çevriləcək.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə