“Ermənilər Azərbaycan ərazilərində yaşamaq istədiklərini bildirirlər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənilər Azərbaycan ərazilərində yaşamaq istədiklərini bildirirlər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan Azərbaycan torpaqlarını 30 il müddətində işğala məruz qoyduğu zaman ölkə Prezidenti İlham Əliyevin düzgün qurduğu strategiya nəticəsində Ermənistan dalan bir ölkəyə çevrilmişdir. Eyni zamanda, ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan əldə etdiyi tarixi və parlaq qələbədən sonra Ermənistan bütün sahələrində böyük böhran hökm sürür. Bu iqtisadi, siyasi, sosial, hərbi və digər sahələrdə açıq şəkildə özünü göstərir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaq, Azərbaycanın beynəlxalq hüquqlar çərçivəsində ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiya və demarkasiya işlərini həyata keçirtmək Azərbaycanla kommunikasiya xətlərinin açılmasından keçir: “Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədən sonra cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarında böyük yenidənqurma və bərpa işləri həyata keçirilir. Əlbəttə ki, dünyada hökm sürən koronavirus pandemiyası bütün ölkələrin iqtisadiyyatına çox mənfi təsirlər göstərir. Nəzərə alsaq ki, Azərbaycan koronavirusla mübarizəsi ilə paralel olaraq müharibədən də çıxmış bir ölkədir. Azərbaycanın həyata keçirdiyi bu nəhəng işlər cənab Prezidentin apardığı düzgün iqtisadi siyasətinin məntiqi nəticəsidir. Beləliklə Xankəndində və digər Azərbaycan torpaqlarında yaşayan ermənilər bütövlükdə görürlər ki, Azərbaycan doğurdan da güclü və qüdrətli, sabit və inkişaf edən bir ölkədir. Bu baxımdan da, acınacaqlı vəziyyətdə qalan ermənilər Azərbaycan ərazilərində yaşamaq istədiklərini bildirirlər. Çünki orada mövcud və acınacaqlı vəziyyət artıq bütövlükdə onların yaşam tərzinə çox mənfi təsir edir və artıq dilənçi vəziyyətinə düşüblər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə