"Siyasi partiyalar arasında görüş mühüm hadisədir" - DEPUTAT AÇIQLADI

"Siyasi partiyalar arasında görüş mühüm hadisədir" - DEPUTAT AÇIQLADI

“Şübhəsiz ki, 9 sentyabrda baş verən hadisə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Bu görüşün böyük siyasi məna və çəkisi var. Söhbət Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında təşkil olunan siyasi partiyalar, zəfər, yeni reallıq, dialoq mövzusundakı görüşündən gedir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən 45 siyasi partiyanın rəhbəri bu görüşdə iştirak edirdilər: “Bu görüş çərçivəsində müzakirə olunan məsələlər bir daha onu göstərdi ki, belə görüşlərin keçirilməsinə çox böyük ehtiyac var. Bu görüşlər də təsadüfən keçirilmir. Bildiyimiz kimi 2018-ci ildə aprel ayında keçirilən prezident seçkilərindən sonra cənab Prezident parlamentdə andiçmə mərasimində vurğuladı ki, ölkəmizdə həyata keçirilən islahatlar kursu özünün yeni mərhələsinə daxil olur. Elə bir islahatlar, elə bir sahə olmayacaq ki, ondan kənarda qalsın. Həmin bu islahatlara start verildi. Bu gün də biz onun şahidiyik ki, bu islahatlar nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənib, vətəndaş həmrəyliyi daha da güclənib. Bütün bunlar nəticə etibarilə həm də Vətən müharibəsində qazandığımız tarixi qələbəmizi şərtləndirir.

Həmin islahatlar kursunun həm də məntiqi tərkib hissəsi o idi ki, ölkənin gələcəyi, ölkənin inkişafı ilk növbədə siyasi dialoq mədəniyyətindən keçir. Yeni siyasi mədəniyyətin formalaşmasına bu gün böyük ehtiyac var. Elə bir siyasi mədəniyyət ki, bu ölkənin inkişafını təmin etsin, bu ölkənin qarşısında dayanan ümummilli məsələlərin həllinə töhfə vermiş olsun. Bunun üçün isə ilk növbədə iqtidar və müxalifət partiyaları arasında siyasi dialoq mühitinin formalaşmasına və inkişafına çox böyük ehtiyac var. Yəni ümummilli məsələlərdə hakimiyyət və ya müxalifət bölgüsü olmamalıdır. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin fəlsəfəsini bu təşkil edir. Bu siyasətin həyata keçirilməsində heç şübhəsiz ki, cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi çox mühüm rol oynadı. Üzərinə düşən vəzifəni ləyaqətlə həyata keçirdi və bu gün də keçirməkdədir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə