Ermənilər kommunikasiyaların açılmasını niyə istəmir? - ŞOK SƏBƏB

Ermənilər kommunikasiyaların açılmasını niyə istəmir? - ŞOK SƏBƏB

"Ermənistan hakimiyyəti kommunikasiyaların açılması və ucuz türk mallarının Ermənistan bazarına nüfuz etməsi ilə bağlı riskləri hesablayıbmı? Ermənistanın tekstil və kənd təsərrüfatı məhsullarının aqibəti necə olacaq?". Bunu beynəlxalq təhlükəsizlik məsələləri üzrə mütəxəssis Armen Manvelyan news.am saytına müsahibəsində bildirib.

"Düşünürəm ki, bütün bunları səlahiyyətlilər etməyib. Onlar buna qadir deyillər, uyğun kadr bazasına malik deyillər. Dövlət ekspert şurasının rəyini nəzərə almadan gözlənilməz bir oyuna girməyə çalışanda risklə üzləşirik”, deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, sərhədlərin açılmasından sonra Türkiyənin kənd təsərrüfatı məhsullarının Ermənistan bazarına nüfuz etməsi və nəticədə kənd təsərrüfatının geriləməsi baş verəcək: “Bu proqram yaxın gələcəkdə həyata keçiriləcəyi təqdirdə, erməni istehsalçılarının Türkiyə bazarında öz yerlərini tuta biləcəkləri ehtimalı çox aşağıdır. Digər tərəfdən, Türkiyə mallarının Ermənistan bazarını ələ keçirmə ehtimalı yüksəkdir. Buna görə də yüz minlərlə işçinin çalışa biləcəyi kənd təsərrüfatı sektorunu inkişaf etdirmək və rəqabətə davamlılığını artırmaq vacibdir. Əks təqdirbə, bu, Ermənistanın sonunu gətirə bilər”.

Manvelyan Azərbaycan-Türkiyə tandeminin məqsədlərindən birinin Ermənistan bazarına iqtisadi nüfuzun təmin edilməsini izah edib: "Buradakı açar, daim danışılan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizini ələ keçirsələr erməni əhalini buradan benzinin və digər malların daha ucuz qiymətə alınacağına inandırmağa yönəlmiş siyasət aparacaqlar. Buna regional "batumizasiya" deyilir. Hansı ki, belə bir üsul Türkiyə tərəfindən Batumidə həyata keçirilir".

Əslində erməni ekspert yeni heç nə demir, əksinə Ermənistanın və bu ölkədə mütləq dominatlıq edən ermənilərin yüz illərlə alışdıqları həyat tərzinin dəyişiləcəyindən sonra baş verəcək hadisələrdən narahat olduğunu dilə gətirir. Məsələ burasındadır ki, hələ Sovetlər dövründə Ermənistan "qardaş respublikalar" arasında dotasiya ilə yaşayanların önündə gedirdi. Yalnız Rusiya, Ukrayna və Azərbaycan mərkəzi hökumət büdcəsindən əlavə vəsait almırdı, əksinə, ora ödəmələrdə müsbət saldo var idi. Ermənistan müstəqillik qazanandan sonra da bu ənənə sona çatmadı, yalnız ünvan dəyişdi. Bu dəfə ermənilər beynəlxalq fondlardan, ayrı-ayrı dövlətlərdən gələn ianələr hesabına yaşamlarını davam etdirdilər. Hər il keçirilən marafonları, erməni lobbisinin dünyamiqyaslı dilənçiliyindən əldə etdiyi vəsaiti nəzərə alsaq, Ermənistan büdcəsinin hansı mənbələr hesabına formalaşdığını əyani şəkildə görə bilərik. Belə asan yolla "qazanılan" dollardan kim imtina edər?

Bəs Ermənistana milyonlar, milyardlar niyə verilir? Hansı səbəblər para axınını "hay"lara tərəf yönəldir? Birinci səbəb kimi Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınması, ikinci səbəb, şərq və qərbdən kommunikasiya xətlərinin başlanması, üçüncü səbəb, müharibə, dördüncü, beşinci... və s. və ilaxır göstərilir. Nəticədə ermənilər heç bir əziyyət çəkmədən milyardlar qazanırlar. İndi Azərbaycan və Türkiyə Ermənistana kommunikasiya xətlərini, nəqliyyat dəhlizini açmaqla böyük şans yaradırlar. Və belə olan halda, ermənilər də yəqin bilir ki, fondlar əvvəlki kimi ianə göndərməyəcəklər. Ona görə də, harınlamış, işləmək həvəsi olmayan Ermənistan cəmiyyəti kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasına qarşıdırlar.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə