"Füzuli Hava Limanı Prezidentin strateji məqsədlərə yönəlmiş layihələrindən biridir" - EKSPERT ŞƏRH ETDİ

"Füzuli Hava Limanı Prezidentin strateji məqsədlərə yönəlmiş layihələrindən biridir" - EKSPERT ŞƏRH ETDİ

“Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində yenidənqurma, bərpa işləri və ən müxtəlif infrastruktur obyektlərinin yaradılması ölkəmizin gücünü dünyada nümayiş etdirməkdən əlavə Azərbaycan torpaqlarını, xüsusilə də Ermənistan və digər dövlətlərlə sərhədlərdə yerləşən ərazilərimizin təhlükəsizliyinin artırılması istiqamətində sistemli dövlət işinin aparıldığının bariz nümunəsidir. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərləri hər dəfə müəyyən yenilik edilməsi ilə xarakterizə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, bu səfərlər müəyyən infrastruktur obyektlərinin tikintisinin və istifadəyə verilməsinin başlanğıcı olur: “Cənab Prezidentin sonuncu Qarabağ səfərində Füzuli aeroportunun istifadəyə verilməsi bu kontekstdə xüsusi əhəmiyyətli və strateji təsiri olan bir hadisə kimi dəyərləndirilə bilər. Füzuli Hava Limanının açılışı, 8 ayda bu cür böyük layihənin başa çatdırılması özlüyündə təqdirəlayiq hadisədir. Hava limanının işğaldan azad olunmuş, eyni zamanda İranla sərhəd ərazidə yerləşməsi cəhətdən xüsusi dəyərləndirilməlidir. Bir vaxtlar Qarabağ zonasında yeganə aeroport olan Xocalı Hava Limanı xüsusi bir obyekt kimi nəzərdən keçirilirdi. Ermənilər var qüvvələri ilə bu əraziləri işğal edərkən ilk öncə Xocalı aeroportuna hakim olmaq istəyirdilər. O zaman haqlı olaraq erməni istilaçılarında belə bir rəy vardı ki, Xocalı aeroportuna hakim olan qüvvə bütünlüklə Qarabağa hakim olmaq imkanını əlində tutacaq. Həqiqətən, Sovet hakimiyyəti illərində Qarabağ üçün Xocalıda yeganə hava limanının olması bu bölgələrin müdafiə və təhlükəsizlik işini xeyli dərəcədə zəiflədirdi”.

A.Quliyev vurğulayıb ki, Azərbaycan Qarabağ ətrafında bir növ onu mühasirəyə ala biləcək şəkildə hava limanlarının tikintisinə başlayıb: “Bu gün Füzulidəki hava limanının, yaxın zamanda Zəngilan və Laçında, hətta Kəlbəcərdə aeroportların istifadəyə verilməsi Ermənistanla bütün sərhəd boyu, eləcə də Qarabağ ərazilərində müxtəlif hava limanlarının yaradılması kimi bir müdafiə və təhlükəsizlik prosesinin tərkib hissəsi olaraq qiymətləndirilə bilər. Bu nöqteyi-nəzərdən Füzulidə aeroportun istifadəyə verilməsi həm Azərbaycanın strateji məqsədlərinə uyğun, həm nəqliyyat obyekti olaraq xeyli dərəcədə dəyərli, həm də Azərbaycan vətəndaşlarının bütünlüklə Qarabağa və işğaldan azad edilmiş ərazilərimizlə təmasların intensivləşməsində öz rolunu oynaya bilər. Füzuli aeroportunun tikilməsi Azərbaycan dövlət başçısının strateji məqsədlərə yönəlmiş layihələrindən biridir və bu layihə Azərbaycan dövlətinin işğaldan azad edilmiş bütün ərazilərimizin Ermənistanla sərhəddə müdafiə və təhlükəsizlik işinin daha da etibarlı səviyyəyə qaldırılması, eləcə də Qarabağda separatizm hərəkətlərinin Azərbaycan dövlətçiliyinin mənafeləri ilə bir araya sığmayan gələcək cəhdlərin mümkün qədər neytrallaşdırılması və mühasirəyə alınmasına hesablanıb”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə