Həmrəylik ən ali dəyərlərdən biridir
İnsanların həmrəyliyi cəmiyyətin xoşbəxliyi, firavanlığıdır. Hər hansı ideya, məslək ətrafında sıx birləşib xoş diləklərin carçısı olmaq əlbəttə ki, həmrəyliyi ifadə edir. Bu gün qloballaşan dünyamızda həmrəy olmaq çox məsələlərin həllində, dünyanın nizamında önəmli faktordur. Təbii ki, hər bir xalqın milli birlik fəlsəfəsi var. Bu istiqamətdə həmrəylik vacib məsələlərdəndir. Müasir dünyamızda beynəlxalq aləmdə yekdil olmaq mühüm məsələlərin həllində əhəmiyyət kəsb edir. Bir tribunadan insanları sülhə, əmin-amanlığa, ədalətə səsləmək və milyonlarla insanı xoşməramlı niyyətlər ətrafında həmrəy etmək çətin məsələ olsa da, çox önəmlidir.
Bu gün sentyabrın 8-də dünyada Jurnalistlərin Beynəlxlaq Həmrəylik Günü kimi qeyd olunur. 1958-ci ildə, hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam olunmuş çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilib. O cavanlığından siyasətlə maraqlanmağa başlayıb, 1921-ci ildə Çexiyada Kommunist Partiyasının yaradıcılarından biri olub. Mənbələrdə qeyd olunduğu kimi, Fuçikin "Edamqabağı reportaj" kitabı 70 dilə tərcümə edilmiş, dünyanın bir çox ölkələrində nəşr olunmuşdur. Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilmişdir. Bütün ölkələrin jurnalistləri və nəşrlər bu gün dünyaya öz hüquqlarının müdafiəsi işində həmrəyliklərini nümayiş etdirməlidirlər. Bu adi peşə bayramı deyil, jurnalistlərin birlik, həmrəylik günüdür.
Əlbəttə ki, bu gün informasiya texnologiyalarının inkişafı imkan yaradıb ki, insanlar bir qitədən başqa bir qitə haqqında kifayət qədər məlumat əldə edə bilirlər. Ölkələrdə baş verən hadisələr, bunlara jurnalist yanaşması aktuallıq kəsb edir. Haqqın, ədalətin müdafiəsində tirajlanan qəzet və jurnallarda eşidilən səs, yer alan fikirlər jurnalist əməyidir, cəsarətidir. Bu gün dünya jurnalistləri üçün bir araya gəlmək üçün geniş imkanlar var. Beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərin ölkəmizdə keçirilməsi fikrimizi əsaslandırır. Dünyada inkişaf etmiş ölkə kimi tanınan söz və mətbuatın azadlığının təminatçısı olan Azərbaycan bu gün dünya ölkələrinə bir nümunədir. Belə bir ölkədə keçirilən beynəlxalq səviyyəli tədbirlər ölkəmizin nüfuzunun göstəricisi, demokratik dəyərlərə önəm verən ölkə olmasından irəli gəlir. Bildiyimiz kimi, ölkəmizdə, paytaxt Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi keçirildi. Dünya Xəbər Agentliklərinin V Konqresinin sessiyalarında "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" mövzularında məruzələr dinlənildi, müzakirələr aparıldı. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT – UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşlarının iştirakı əlbəttə ki, ümumi məsələlərin həllində və müzakirəsində önəmlidir. Konqresdə Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndənin iştirakı beynəlxalq həmrəyliyə söykənir. Çünki bütün təmsilçilər bir araya gəlmiş oldular. Yeni texnologiyaların və sosial medianın çağırışları və imkanlarının müzakirəsi müasir dünaya üçün olduqca aktualdır.
Bu gün Azərbaycan bütün sahələrə olduğu kimi, mətbuata və onun təmsilçilərinə də diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə jurnalist həmrəyliyinə əsaslanan media formalaşıb. Bu gün Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Əgər bu gün mətbuata göstərilən yüksək diqqət və qayğıdan söz açırıqsa, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılmasını da qeyd etməliyik. Dövlət başçısının "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının tikilməsi dövlətimizin yüksək diqqət və qayğısının əyani təsdiqidir. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır. Bu gün biz ən həssas dönəmlərdə birləşməyi bacarırıq. Eyni yerə yumruq vururuq. Son dövrün hadisələri bunu bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, iki cəbhədə ən çətin zamanlarda vuruşan Azərbaycanda bütün xalqımız, eləcə də jurnalistlər həmrəy oldular. Koronavirusla mübarizə və 44 günlük Vətən müharibəsi. Ağır dönəm olsa da birləşməyi bacardıq. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Bir cəbhədən - 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxdıq. Qısa bir zamanda pandemiyaya da qalib gələrik. Müharibə zamanı, hətta beynəlxalq aləmin mətbuatı da bizimlə həmrəy oldular. Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar, erməni xisləti ilə bəşər övladını tanış etdilər. Bu əlbəttə ki, birgə həmrəyliyə, əməkdaşlığa söykənir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB