"Biz gələcəkdə addımlarımızı atacayıq" - DEPUTAT AYDINLIQ GƏTİRDİ

"Vətən müharibəsi ilə biz yalnız işğala son qoymadıq, eyni zamanda post-sovet məkanında ilk dəfə olaraq SSRİ-dən miras qalan bir münaqişəni həll etdik. Bu keçmiş ittifaq məkanı üçün həm də yeni bir presedent olmaqla seperatizmdən qaynaqlanan çoxsaylı münaqişələr üçün də bir ümid işığı oldu ki, bəzi neo-imperialist dairələri narahat edən də budur". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, indi beşinci kolon, xüsusən münaqişənin davam etməsində maraqlı olan güclərin Azərbaycandakı uzantıları hər vəchlə fərqli iddialar ortaya atmaqdadırlar: "Amma bir reallıq var ki, hər ötən gün Azərbaycanın xeyrinə işləyir. Düzdür, 10 noyabr və 11 yanvar bəyanatları ilə təsbit olunmuş bəzi şərtlərin icrasında ləngimələr var, eyni zamanda Rusiya sülhməramlıları öhdəliklərinin icrasını lazımi formada yerinə yetirmir yaxud aidiyyatsız fəaliyyətlə məşğul olurlar. Amma bir dəyişməyən realləq var ki, xarici yardımlar hesabına Ermənistan hər ötən gün həm daxili siyasi böhran, həm də iqtisadi çətinliklər fonunda iflasa daha da yaxınlaşır. Bir dövlət xarici yardımlar hesabına nə qədər ayaqda qala bilər ki? Üstəlik nəzərə alsaq ki, bu ölkədə əhalinin sayı da sürətlə azalmaqdadır. Müharibədən sonra az qala yarım milyon adam Ermənistanı tərk edib. Seperatçılara gəlincə, sülhməramlıların müvəqqəti nəzarətindən olan ərazilərimizdəki 20 mindən bir qədər artıq erməni əsilli sakin bu gün səfil durumdadır, rus əsgərinin atdığı bir parça çörəyə möhtacdır. Hər qayasından bulaq qaynayan Qarabağ kimi bir ərazidə insanlar içməyə su tapmır. Enerji fasilələrlə verilir, qaz təminatı yox səviyyəsində. Belə bir şəraitdə erməni nə qədər davam edə bilər ki? Artıq hamı da başa düşür ki, sülhməramlılara çox da əmin olmaq lazım deyil. 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Yəni, tərəflərdən biri, konkret olaraq Azərbaycan, 4 ildən sonra istəməzsə, sülhməramlı əsgər burada qala bilməz. Artıq sadə insanlar da ayılıb, iş üçün, dolanışıq üçün indidən Azərbaycana xeyli sayda erməni müraciət etməkdədir. Unutmayaq ki, onlar da bizim vətəndaşlardır və sadəcə dövlət başçısının təbiri ilə desək, "zamanında yolunu azmış vətəndaşlarıdır" və biz gələcəkdə bu amilləri nəzərə almaqla addımlarımızı atacayıq.

Deputat fikirlərinə davam edərək, həmçinin qeyd edib ki, konkret bizim öz durumumuza gəldikdə, Azərbaycan bu 10 ayda nələrə nail oldu hər kəsə bəllidir, ərazilər sürətlə minadan təmizlənir, ən müasir infrastruktur qurulur: "İşğaldan azad olunmuş ərazilərimizdə 1 müasir beynəlxlaq hava limanı istifadəyə verildi, ikisində isə işlər sürətlə davam edir. Erməni murdar ideologiya ilə nə qədər zəhərlənir zəhərlənsin, sonucda onun da ağılı düşüncəsi var, baxacaq ki, 200 metr o tərəfdə insanlar ağıllı evlərdə yaşayır, bu isə yeməyə çörək tapmır, təbii ki, nəyinə lazım onun böyük ermənistan adlı saxta ideologiya? Nəyinə lazım onun İranın, Rusiyanın yardımlarından asılı qalmaq? Yəni zaman bizim xeyirimizə işləyir və işləyəcək də".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə