“Hava limanının qısa müddətdə hazır olması Ermənistanda ciddi təşvişlə qarşılanıb” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Hava limanının qısa müddətdə hazır olması Ermənistanda ciddi təşvişlə qarşılanıb” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Prezidenti Cənab İlham Əliyev 2021-ci ilin yanvarında Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam vermişdi. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılırsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır vəziyyətə gətirildi. İlk sərnişin və yük təyyarələrini qəbul edən hava limanının sentyabrın sonuna qədər tam təhvil verilməsi planlaşdırılır”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, strateji baxımdan son dərəcə mühüm əhəmiyyətə malik olan hava limanının qısa müddətdə hazır olması və ilk təyyarələri qəbul etməsi Ermənistan cəmiyyətində ciddi təşvişlə qarşılanıb: “Azərbaycanın erməni işğalından azad edilmiş əraziləri nəhəng tikinti meydanına çevirərək böyük sürətlə yenidən tikməsi, bu layihələrə dünyanın tanınmış şirkətlərini cəlb etməsi bütün dünyanın diqqətini cəlb etmiş, hərb meydanında misilsiz qələbə qazanan dövlətimizin nüfuzunu daha da artırmışdır. Eyni vaxtda Ermənistanda siyasilər bir-birini təhqir etməkdə, bir-birinə su şüşələri atmaqda yarışa girmişlər”.

A.Səmədov bildirdi ki, Ermənistan parlamenti qanunverici orqandan daha çox qaydasız döyüşlərin keçirildiyi arenanı xatırladır: “Son illər “erməni mifləri” ilə aldadılan dünya bu “qədim” xalqın nə qədər “müdrik” və “mədəni” olduğunu müşahidə etmək və nə qədər aldadıldıqlarını öz gözləri ilə görmək imkanına malikdir. O da aydındır ki, Ermənistan parlamentindəki “təhqir yarışları”, bir-birinə su şüşəsi atmaları, yumruqlaşmaları və təpikatmaları yaxın günlərdə bitməyəcək. Çünki, ermənilərin seçdikləri “ziyalı” deputatların ən yaxşı bacardıqları bunlardır və onlardan daha ciddi iş gözləmək ağılsızlıqdır.

Azərbaycan isə bütün böhtanlara, təzyiqlərə, hücumlara baxmayaraq öz zəfər yoluna, zəfər strategiyasına sadiqliyini bundan sonra da nümayiş etdirəcək. Yeni hava limanları, yeni yollar, yeni müəssisələr, ağıllı şəhər və kəndlər, digər obyektlər sürətlə inşa olunacaq. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələri öz yüksək səviyyəsi ilə hamını heyran qoyacaq və bütün dünya illər əvvəl Prezident İlham Əliyevin söylədiyi-“Qarabağ Azərbaycandır!”- bəyanatının reallaşdığının şahidi olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə