"Azərbaycanın regionda əhəmiyyəti daha da artacaq" - DEPUTAT AÇIQLADI

"Füzuli aeroportunun istifadəyə verilməsi olduqca mühüm tarixi hadisədir. Bunun siyasi-iqtisadi, hərbi əhəmiyyəti ilə yanaşı mənəvi əhəmiyyəti də var. Burada qısa müddət ərzində aeroportun tikilməsi və istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünü və ölkə liderinin siyasi iradəsini bir daha dünyaya nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda Füzuli aeroportu ilə yanaşı Zəngilan və Laçında hava limanlarının tikintisinin bünövrəsinin qoyulması o deməkdir ki, Azərbaycan bütövlükdə öz ərazilərinin hava sərhədlərini də nəzarət altına almış olur. Musa Quliyev Vətən müharibəsindən dərhal sonra Qarabağda başlanan quruculuq işləri ilə bağlı belə deyib: "Digər tərəfdən, bizim 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü təmin edən kimi bu ərazilərdə bərpa quruculuq işinə başlamağımız, infrastruktur yaratmağımız, yollarda elektrik sistemini quraşdırmağımız Azərbaycanın bu torpaqların əbədi, əzəli sakini olduğunu bir daha dünyaya nümayiş etdirir. Artıq Ağdamın və Şuşanın Baş planı hazırdır.

Milli Məclisin qərarı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Zəngilanda ağıllı kənd layihələrinin bünövrəsi qoyulub. Demək olar ki, işğaldan azad edilmiş bütün ərazilərimiz yuxarı Qarabağ iqtisadi zonası, Şərqi Zəngəzur iqtisadi zonası üzrə dövlətin proqramları aydındır. Bir çox investorlar maraq göstərir ki, bu ərazilərdə öz fəaliyyətlərinə başlasın. Bu, Azərbaycanın həm də dünya birliyi ilə sıx inteqrasiyasının bir göstəricisidir. Şübhəsiz ki, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın bütövlükdə regionda iqtisadi və nəqliyyat kommunikasiyasını qurmaqda niyyətinin bir göstəricisidir. Həmçinin, bu Azərbaycanın regionun lider ölkəsi kimi öz şərtlərini diqtə etməsinin də göstəricisi olacaq. Füzuli aeroportunun işə düşməsi, artıq orada həm hərbi, həm iqisadi, həm də mülki aviasiyanın istifadəyə başlaması regionun əhəmiyyətini bir daha artıracaq. Daha doğrusu, Azərbaycanın regionda əhəmiyyətini artıracaq. Eyni zamanda bu dünyaya sübut edəcək ki, Azərbaycan bu torpaqların əbədi sahibidir və qısa müddət ərzində bu torpaqları dirçəldəcək. Eyni zamanda Füzuli aeroportunun işə düşməsi həm də beynəlxalq uçuşlarımızın Qarabağ üzərindən təmin olunmasında olduqca mühüm layihədir. Hesab edirəm ki, qısa müddət ərzində turistlərin də Qarabağa marağının artmasına nail olacağıq. Füzuli aeroportu vasitəsi ilə həm turistləri, həm də iş adamlarını qəbul edəcəyik ki, bu da regionun iqtisadi inkafına olduqca əhəmiyyətli təsir göstərəcək. Füzuli aeroportu ilə Şuşa arasındakı məsafə də olduqca qısadır. Zəfər yolunun tikilib başa çatması ilə əlaqədar gələn turistlərimizin də Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərini gəzmək imkanları da genişlənəcək. Ümumilikdə, bu Azərbaycanın Vətən müharibəsindən bir il keçməmiş bütün bu layihələri həyata keçirməsi Qarabağda əldə edilən nailiyyətlərin göstəricisidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə